"Rusiya türk dövlətləri təşkilatına daxil olsa, o zaman Türk Dövlətləri Təşkilatı kimi bir təşkilat öz mövcudluğunu bitirər. Çünki Rusiya üzv olduğu beynəlxalq qurumlarda adətən öz geopolitik iradəsini hər kəsə qəbul etdirməyə çalışır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, bəli, Rusiyanın ərazisində çoxsaylı türkdilli xalqlar yaşayır. Ancaq Rusiya türk dövləti deyil. Ona görə də Rusiya Türk Dövlətləri Təşkilatının üzvü ola bilməz. Türk Dövlətləri Təşkilatının üzvü olmaq üçün dövlət dilinin türk dili olması lazımdır. Rusiyada isə dövlət dili rus dilidir və üstəlik türkdilli xalqlar Rusiyada təqiblərə, təzyiqlərə məruz qalmaqdadırlar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, belə bir dövləti türk dövləti adlandırmaq və yaxud da hesab etmək absurd və mənasızdır:
"Qazaxıstanın prezidenti təbii ki, bunu məqsədyönlü şəkildə edib. Çünki Rusiya prezidenti Vladimir Putin dəfələrlə Qazaxıstanı rusdilli dövlət elan edib və üstəlik Qazaxıstanda rus dilinin dövlət dili olmasını da tələb edib. Yəni bu böyük ehtimalla Qazaxıstanın prezidentində bir narahatlıq, narazılıq yaradıb və böyük ehtimalla intiqam almaq üçün Rusiyanı Türk Dövlətləri Təşkilatına üzvlük məsələsi ilə gətirib. Burada Rusiyaya mesaj verilir ki, Rusiya türkdilli xalqların çoxluq kimi yaşadığı bir ölkədir. Üstəlik, Rusiyaya xatırladılır ki, Rusiyada dövlət dili türk dili deyil və türk dilini də dövlət dillərindən birinə çevirmək lazımdır. Yəni bu, bir şəxsi çəkişmənin nəticəsidir. Yəni Rusiyadan türk dövləti olmaz. Rusiya heç bir qurumda heç vaxt heç kimə fayda verməyən bir dövlətdir və həmişə də olduğu yerlərdə ciddi problemlər yaratmış bir dövlətdir. Türk dövlətləri təşkilatına belə bir dövlətin qatılması, hətta müşahidəçisi kimi, o deməkdir ki, Türk Dövlətləri Təşkilatı artıq mövcudluğunu yekunlaşdırmaq mərhələsinə keçid edib. Yəni Rusiyanın heç bir halda bu quruma yaxın buraxılmaması lazımdır. Rusiyadan nə qədər uzaq durularsa, bir o qədər hər kəs üçün faydalı olar".


