İranın Azərbaycanla sərhədinin cənub istiqamətində ballistik raketlərin buraxılması üçün nəzərdə tutulan qurğuların müşahidə edildiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir raketburaxılış qurğusu və bir neçə hərbi avtomobil diqqət çəkir. Lakin görüntülərin dəqiq çəkilmə vaxtı və məkanı ilə bağlı rəsmi məlumat
açıqlanmayıb.
Politoloq Rəşad Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, İranın Azərbaycanla sərhədin cənub istiqamətində ballistik raket buraxılış qurğularının müşahidə edilməsi ilə bağlı yayılan məlumatlar şübhəsiz ki, regionda onsuz da mürəkkəb olan geosiyasi vəziyyətə əlavə narahatlıq gətirir:
"Bu iddianın nə qədər əsaslı olduğunu demək çətindir, amma belə bir ehtimalı müzakirə ediriksə, bunu İranın mövcud regional təhlükəsizlik narahatlıqları kontekstində qiymətləndirsək, daha düzgün olar. Yaxın Şərqdə davam edən hərbi qarşıdurma, İsrail və ABŞ ilə münasibətlərdə gərginlik, İranın hərbi infrastrukturuna qarşı mümkün təhdidlər Tehranın sərhədyanı ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub. Bu baxımdan, raket sistemlərinin şimal-qərb istiqamətində yerləşdirilməsi ilk növbədə hərbi hazırlıq və çəkindirmə nümayişi xarakteri daşıya bilər. Digər mühüm məqam siyasi və psixoloji təsirlə bağlıdır. İran regionda baş verən proseslər fonunda qonşu dövlətlərə, eləcə də xarici güclərə öz hərbi imkanlarını nümayiş etdirməyə çalışır. Belə addımların məqsədi müəyyən siyasi mesajlar ötürmək, çəkindirmə effekti yaratmaq və regional proseslərdə mövqelərini nümayiş etdirmək də ola bilər".
Rəşad Bayramov söyləyib ki, digər tərəfdən, Azərbaycanın İsraillə əməkdaşlığı və Türkiyə ilə strateji müttəfiqliyi də İranın təhlükəsizlik yanaşmasında müəyyən yer tutur:
"Tehran zaman-zaman Azərbaycanın xarici siyasətini və xüsusilə İsraillə münasibətlərini öz milli təhlükəsizlik maraqları prizmasından qiymətləndirib. Buna görə də sərhədyanı hərbi aktivliyin nümayiş etdirilməsi bizə ünvanlanan siyasi mesaj kimi də şərh oluna bilər. Eyni zamanda, İran dövlət mediasının Müctəba Xameneinin yüksək rütbəli hərbi komandirlərlə görüşü və ölkənin şimal-qərb sərhədlərindəki qüvvələrin hazırlığı barədə məlumat yayması da diqqətçəkicidir. Bu, Tehran üçün həmin istiqamətin təhlükəsizlik baxımından əhəmiyyətini göstərir.
Düşünürəm ki, rəsmi qurumlarımız bu məsələyə təmkinli, lakin prinsipial yanaşmalıdır. İlk növbədə, məlumatların rəsmi və etibarlı mənbələr vasitəsilə dəqiqləşdirilməsi, sərhəd təhlükəsizliyinə dair vəziyyətin qiymətləndirilməsi vacibdir.
Ümumi olaraq dəyərləndirsək, deyə bilərəm ki, İranın mümkün hərbi yerləşdirməsinin arxasında çəkindirmə, müdafiə hazırlığı və siyasi mesaj vermək kimi bir neçə məqsəd dayana bilər".


