YapiKredi Müraciət Forması
Özəl Mədəniyyət

"Bu, bayramdan çox biznesdir"

Bu, bayramdan çox biznesdir

"Son illər qloballaşan dünyada baş verən bir çox hadisələr bu və ya digər dərəcədə Azərbaycanda da öz əksini tapır. O cümlədən də əlamətdar hadisələr, məxsusi günlər, beynəlxalq tədbirlər, ümumdünya bayramları və sair kimi xüsusi hadisələr Azərbaycanda da qeyd edilməyə başlayıb. Onsuz da Azərbaycan dünyanın aparıcı ölkələrindən biridir və dünyada baş verən, bəşəriyyətə toxunan hər bir hadisə bizə də təsir edir. Bu həm ictimai, mədəni, sosial və planetar baxımından belədir, həm də ekologiya və insanların həyatına aid, mədəniyyətə aid olaylarda da özünü göstərir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında kulturoloq Aydınxan Əbilov deyib.

O bildirib ki, Hellouin və bu kimi bizə ilk baxışda yad görsənən, amma əslində gənclərimiz tərəfindən xüsusi qeyd edilən bayramlarda və günlərdə bizim əhalinin get-gedə daha çox hissəsinin iştirakı bir çox faktorlarla bağlıdır.

"Çünki Hellouin bayram və tədbirdən əlavə, həm də böyük biznes layihəsidir. Orada milyardlarla dövriyyəsi olan həm bayram paltarlarından tutmuş tədbirlərin təşkilinə qədər, yaşayış və xidmət sahələrinin göstərdiyi xidmətlərdən tutmuş, suvenirlərə qədər, eyni zamanda sosial şəbəkədə və internetdə özünü obrazlı ifadə etmək baxımından da bu bayram nəinki Azərbaycanda, dünyanın hər yerində çox sürətdə yayıldı.

Əslində Hellouin həm də biraz bizi uşaqlığa aparan, bizim uşaqlıq duyğularımızı özündə əks etdirən bir bayram kimi də tanınır. Bu və digər dərəcədə Azərbaycanda da buna uyğun bayramlar olub. Yəni ilaxır çərşənbələr və Novruz bayramı vaxtı kosa, keçəl və yaxud div, cinlərlə bağlı və yaxud toylarda bizim bəy oylanmasından tutmuş xan və güləş yarışmasına, at yarışmasına qədər bir çox deməli bayramlarda da Hellouinin bu və digər deməli elementlərini biz öz görə bilirik.

Bu baxımdan da heç kim heç kəsi qınaq edə bilməz ki, niyə bu bayramı Azərbaycanda da qeyd edilsin. Qlobal bir bayramdır. İlkin bəlkə də səbəbi unudulmuş, necə ki, 8 Mart, Yeni il bayramı, Novruz bayramı kimi dünyanın əksər hissəsində qeyd edilən bir gündür. Amma bununla yanaşı əlbəttə ki, bizim milli bayramlarımız var, yerli dəyərlərimiz, kulturoloj, kreativ və mədəni, ədəbi dəyərlərimiz var ki, bura ədəbiyyat əsərləri, fəlsəfi əsərlər, elmi əsərlər, filmlər, tamaşalar, teatr sənətimiz, aşıq sənətimiz, muğam sənətimiz, kəlağay və yaxud Qobustan kimi tarixi, təbiət, eyni zamanda mədəni geyim abidələrimiz var ki, hələ mən Azərbaycan musiqisini, rəssamlığını, sənətin müxtəlif sahələrini, tətbiqi sənət nümunələrini, xalq deməli ustadlarının hazırladığı bir çox deyək ki, həsirlikdən tutmuş misgərliyə qədər məişətdə işlənən qablardan tutmuş, kənd təsərrüfatında işlənən alətlərə qədər, bunlarla bağlı əlbəttə ki, əlamətdar günlər və bayramların keçirilməsinin də vacibliyini biz xüsusi vurğulamaq istəyirik.

Azərbaycanda son illər nar bayramı, limon bayramı, kənd təsərrüfatı bayramı, alma bayramı kimi günlər qeyd edilir. Şamaxıda üzüm və eyni zamanda deyək ki, hətta bilirsiz orada hind toyuğu günləri də qeyd edilir və kiçik də olsa, lokal da olsa bölgə tədbirləri də olsa, orada da bizim insanlar, bizim əhali iştirak edir.

Özümüzə məxsus milli bayramları xüsusi qeyd etməliyik. Bura yaxın günlərdə qeyd edəcəyimiz Zəfər Günü, Novruz bayramı, eləcə də Yeni il, Analar Günü və Sevgililər Günü kimi bayramlar daxildir. Milli ordu günündən tutmuş müxtəlif sahəvi bayramlara qədər, orucu bayramından tutmuş ilaxır çərşənbələrə qədər müxtəlif bayramları qeyd edə bilərik.

Təklif edirəm ki, hər ay biz müxtəlif sənət adamlarından, istər klassik, istərsə müasir dövrdə yaşayan xüsusi töhfə, mədəniyyətimizə xüsusi töhfə verən incəsənət adamlarının aylıq günlərini keçirdə bilərik. Məsələn, radiolarda var, bəstəkarları həsr olunmuş həftəliklər keçirilir və onların əsərləri dinləyicilərə təqdim edilir. Amma bunu bir ümumən götürəndə sosial şəbəkədən tutmuş, medyadan tutmuş televiziyaya qədər geniş bir anlamda, həm də kollektivlərdə, burda təhsil kollektivlərindən söhbət gedir, məktəblərdən, ali məktəblərdən, orta məktəblərdən və yaxud xalq teatrından tutmuş peşəkar teatrlarına qədər, kino teatrlarına qədər, hətta məndən olsa şadlıq evlərində gündüzlər ki, boşluq olur, şadlıq evlərində də biz günlər, bayramlar həmin o əlaqəli hadisələrə asan tədbirlər keçirə bilərik.

Və insanlar burada həm sivilləşər, həm sosiallaşar, həm kreativləşəcək, həm də mədəniyyət, elm və sənətimizə aid olan bilgiləri bir-birinə, xüsusən də gənc nəslə ötürərlər. Bunların həm də virtual variantı internet resurslarına yerləşdirməklə biz əslində ilkin kontent olaraq süni intellekt üçün mənbələr yarada bilərik.

Əlbəttə, filmlər festivalı ola bilər, mən düşünürəm ki, hər dəfə bir ilin istehsal olunmuş filmlərinin festivalını təşkil etmək olar. Unudulmaqda olan filmlər, gizli filmləri, sənədli filmlər, bədii filmlər, seriallar, televiziya verilişlərini həm onlayn, həm də oflayn, eyni zamanda rəsmi kino teatrlarında, məktəblərdə və yaxud ictimai, mədəni qurumlarda nümayiş etdirə bilərik.

Bu təkliflər yaxın gələcəkdə insanlarımızın sosiallaşması və bir-birinə daha mehriban olmasına da xidmət edər, eyni zamanda dəyərlərimizi yeni nəsillərə çatdırma baxımından da maraqlı ola bilər".

Nuray Paşşanlı