YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Aldığınız məhsul xarab çıxarsa, satıcı hər gün üçün faiz ödəməlidir — Qanun

Aldığınız məhsul xarab çıxarsa, satıcı hər gün üçün faiz ödəməlidir — Qanun

Azərbaycanda istehlakçılar aldıqları məhsulda qüsur aşkar etdikdə onun dəyişdirilməsini, təmir olunmasını, qiymətinin azaldılmasını və ya ödədikləri pulun geri qaytarılmasını tələb edə bilərlər. Qanunvericilikdə bu hallarda satıcının öhdəlikləri və istehlakçıların hüquqları konkret şəkildə müəyyən edilib.

Demokrat.az xəbər verir ki, bu məsələlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə tənzimlənir.

Belə ki, istehlakçı zəmanət müddəti ərzində aldığı məhsulda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq satıcıdan və ya istehsalçıdan məhsulun keyfiyyətli malla əvəz edilməsini, satış qiymətinin azaldılmasını, qüsurun aradan qaldırılmasını və ya bunun üçün çəkdiyi xərclərin ödənilməsini tələb edə bilər. Bundan başqa, alıcı müqavilənin ləğvini və dəymiş zərərin ödənilməsini də tələb etmək hüququna malikdir.

Qanuna əsasən, satıcı keyfiyyətsiz məhsulu geri götürməli və istehlakçının qanuni tələblərindən birini yerinə yetirməlidir. İrihəcmli və ağırçəkili məhsulların geri qaytarılması, eləcə də dəyişdirilmiş məhsulun yenidən alıcıya çatdırılması ilə bağlı xərclər də satıcı tərəfindən ödənilməlidir.

Bununla yanaşı, Azərbaycan Respublikasından kənarda istehsal olunan və ya vasitəçilərdən alınan mallarla bağlı qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün çəkilən xərclər də satıcının hesabına ödənilməlidir.

Qanunvericilikdə məhsulun dəyişdirilməsi və təmiri üçün konkret müddətlər də müəyyən edilib. Belə ki, istehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi həmin məhsul satışda olduğu halda dərhal yerinə yetirilməlidir. Zərurət yarandıqda məhsulun keyfiyyəti 14 gün ərzində yoxlanıla bilər. Əgər məhsul satışda yoxdursa, dəyişdirilmə tələbi ərizənin təqdim edildiyi gündən iki ay müddətində təmin edilməlidir.

İstehlakçı qüsurun əvəzsiz aradan qaldırılmasını tələb etdikdə isə satıcı bunu 14 gün ərzində və ya tərəflərin razılaşdırdığı başqa müddətdə həyata keçirməlidir.

Qanunda məişət texnikası və nəqliyyat vasitələri ilə bağlı əlavə təminatlar da nəzərdə tutulub. Belə ki, istehlakçının tələbi ilə satıcı təmir və ya dəyişdirilmə müddətində ona əvəzsiz olaraq oxşar məhsul təqdim etməlidir. Həmin məhsul istehlakçının evinə çatdırılmalıdır.

Əgər təmir, dəyişdirilmə və ya oxşar məhsulun təqdim edilməsi üçün müəyyən edilmiş 14 günlük müddət gecikdirilərsə, satıcı gecikdirilən hər gün üçün məhsulun satış qiymətinin 1 faizi məbləğində dəbbə pulu ödəməlidir.

Digər mühüm məqam məhsulun qüsurunun yaranma səbəbi ilə bağlıdır. Satıcı və ya istehsalçı qüsurun istehlakçının istifadə və ya saxlama qaydalarını pozması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində yarandığını sübut edərsə, alıcının tələbləri təmin edilməyə bilər.

İstehlakçının digər hüquqlarından biri də aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaqdır. Alıcının tələbi ilə satıcı müvafiq nəzarət-ölçü cihazlarını və məhsulun qiymətini təsdiq edən sənədləri təqdim etməlidir.

Məhsulun keyfiyyətini itirməsinin səbəbini müəyyənləşdirmək zərurəti yarandıqda satıcı istehlakçının yazılı müraciətindən sonra üç gün ərzində məhsulu ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.

Qanunvericiliyə əsasən, istehlakçının tələbinə baxılması üçün qəbz, mal və ya kassa çeki, zəmanətli məhsullarda isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilməlidir. Satıcı məhsulu satarkən alıcıya qəbz, kassa çeki və ya digər yazılı sənəd verməyə borcludur.

Qeyd edək ki, məhsula zəmanət müddəti müəyyən edilməyibsə, istehlakçı qüsurla bağlı tələblərini malın ona verildiyi gündən iki il ərzində, yaxud müqavilədə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir