Ukraynanın Lvov vilayətində yaşayan 104 yaşlı Paraskeviya Hayduçik uzun ömür sürməsinin səbəbini bal və süd qəbul etməsi ilə əlaqələndirir. İki müharibənin şahidi olan qadının hazırda 29 nəvəsi, 43 nəticəsi və dörd kötücəsi var.
Demokrat.az xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb.
1922-ci il oktyabrın 27-də Volın vilayətinin Quta kəndində dünyaya gələn Paraskeviya səkkizuşaqlı ailənin yeddinci övladı olub. Atasının təkidi ilə dörd siniflik Polşa məktəbində təhsil alan qadın ailəsində oxuyub-yazmağı bacaran yeganə uşaq olub.
Uzunömürlü qadın hesab edir ki, qidalanma vərdişləri onun sağlam qalmasında rol oynayıb. "Uzun yaşayıram, çünki çoxlu bal və süd yemişəm, əsas qidam bunlar olub", – deyə o bildirib. Hazırda allergiyaya görə süd içməyən Paraskeviya şirniyyatdan da uzaq durur və daha çox sıyıqlara üstünlük verir.
İki müharibənin şahidi olub, 10 uşaq dünyaya gətirib
Paraskeviya 18 yaşında İvan adlı şəxslə ailə qurub və ilk övladı Pavel dünyaya gəlib. Lakin 1941-ci ildə həyat yoldaşı evlərinin qarşısında güllələnərək öldürülüb. Qadının sözlərinə görə, əri gizli fəaliyyətlə məşğul olub və evlərində gecələyən bir nəfərin ardınca gələn silahlı şəxslərin hücumuna məruz qalıb. Paraskeviya və körpə oğlu isə sağ qalıblar.
1944-cü ildə ikinci dəfə Aleksandrla ailə quran qadının bu nikahdan daha doqquz övladı dünyaya gəlib. Uşaqlardan biri körpə yaşlarında xəstəlikdən vəfat edib. Beləliklə, Paraskeviya ümumilikdə 10 uşaq anası olub.
Ömrünü zəhmətə və ailəsinə həsr edib
Uzunömürlü qadın illərlə kolxozda çalışıb, meşədə şam ağacları əkib, bağ-bostanla məşğul olub və ailəsinin qayğısına qalıb. O, görmə qabiliyyəti imkan verdiyi müddətdə kitab oxumağı da sevib. Xüsusilə Müqəddəs Kitaba maraq göstərib, hətta kənd sakinləri onun ifasında dini mətnləri dinləmək üçün evinə gəliblər.
Paraskeviya bu gün də inancını həyatının mühüm hissəsi hesab edir. O, övladlarına və nəslinə çətinliklər qarşısında inamı itirməməyi tövsiyə edir.
104 yaşlı qadının hər il üçün bir arzusu var: dünyanı görmək və yaxınlarının əhatəsində yaşamaq üçün daha bir il ömür sürmək.
Jalə


