YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

İki məhsulda xərçəngə qarşı xüsusiyyətlərə malik zülallar aşkarlandı

İki məhsulda xərçəngə qarşı xüsusiyyətlərə malik zülallar aşkarlandı

Pomidorların tərkibindəki zülal birləşmələri şişlərin böyüməsi üçün lazım olan qan damarlarının yaranmasına mane ola bilər, zeytunlarda olan LLPSY peptidi isə xərçəng hüceyrələrinin çoxalmasını ləngidə bilər. Türkiyənin Yaxın Şərq Texniki Universitetinin alimləri bu qənaətə gəliblər.

Demokrat.az xəbər verir ki, elmi icmal "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqatçılar bu məhsulların, o cümlədən onların emalı zamanı yaranan tullantıların tərkibindən əldə edilə bilən bioloji aktiv birləşmələrlə bağlı araşdırmaları nəzərdən keçiriblər. Əvvəllər alimlər əsasən antioksidantları, karotinoidləri və yağları araşdırıblar. Zülallara və amin turşularının qısa zəncirləri olan peptidlərə isə daha az diqqət yetirilib.

Pomidorlarla bağlı araşdırmalarda xüsusilə angiogenezi – yeni qan damarlarının yaranmasını – ləngidə bilən kiçik zülallar maraq doğurub. Şişlər böyüməsini və inkişafını təmin etmək üçün bu prosesdən istifadə edir. Belə birləşmələrin təsiri hüceyrələr, eləcə də zebra balıqları üzərində öyrənilib. Pomidordan əldə edilən digər zülal preparatları da şişlərə təsirlə əlaqəli aktivlik nümayiş etdirib.

Alimlər zeytundan insan xərçəng hüceyrələri üzərində sınaqdan keçirilən LLPSY peptidini də müəyyən ediblər. Hüceyrələrin çoxalmasını ləngitmək qabiliyyəti, yəni antiproliferativ xüsusiyyətlər, zülalların parçalanması nəticəsində əldə edilən zeytun toxumu hidrolizatlarında da aşkarlanıb.

"Lakin nəticələr hələ pomidor və ya zeytun istehlakının xərçəngi müalicə etdiyini və ya onun inkişafının qarşısını aldığını göstərmir. Məlumatların böyük hissəsi laboratoriya şəraitində əldə edilib", deyə alimlər xəbərdarlıq ediblər.

İcmalın müəllifləri vurğulayırlar ki, bu birləşmələrin həzm prosesi zamanı necə davrandığını, qana sorulub-sorulmadığını və şiş toxumalarına kifayət qədər konsentrasiyada çatıb-çatmadığını müəyyənləşdirmək lazımdır.

Jalə