Bakının Xətai rayonunda 37 yaşlı kişi iki nəfəri bıçaqlamaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yuriy tanışları – Anar və Vüsal ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Yuriy yaşadığı evin qarşısında olarkən Anar və Vüsal ondan onlar üçün narkotik vasitə olan marixuana tapmasını tələb ediblər. Aralarında bu zəmində yaranmış mübahisə zamanı Yuriy özünə məxsus mopedin üzərində olan bıçaqla Vüsalın kürək nahiyəsindən vurub, Anarın isə qarın və bud nahiyələrinə xəsarətlər yetirib.
Yuriy barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Yuriy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Anarla narkotik vasitə ilə bağlı mübahisə edib. Onun sözlərinə görə, Anar onunla əlbəyaxa dava etməyə başladıqda Vüsal qaça-qaça onları ayırmağa gəlib və həmin anın həyəcanı ilə Vüsalı da bıçaqla vurub.
Təqsirləndirilən şəxs ifadəsində əvvəllər narkotik vasitələrdən istifadə etsə də, artıq istifadə etmədiyini, hadisədən öncə Vüsalla münasibətlərinin normal olduğunu, Anarın onunla məhəllədə mübahisə etdiyini, onun yanına gələrkən dostlarını da gətirdiyini və cüssəcə özündən böyük olduğunu bildirib. O, Anar yaxasından tutduqda onun tərəfindən döyüləcəyini, əlindən qaça bilməyəcəyini, qaçacağı təqdirdə isə Anarın dostlarının onu tutacağını düşündüyünü deyib.
Yuriy bildirib ki, hadisə yerində Anar, özü, Vüsal və Namiq olublar:
"Vüsal və Namiq məni Anarla ayırmağa çalışdılar. Hadisə zamanı istifadə etdiyim bıçaq aksesuar bıçağı olub. Hadisədən sonra bıçağı tullamışam, əməlimdən peşman olmuşam. Anar hadisədən əvvəl zəng edərək harada olduğumu soruşdu. Ona evdə olduğumu bildirdim. Anar məhəlləyə gəlməyimi istədi. Evdə iş gördüyümü, gələ bilməyəcəyimi desəm də, o, təkid etdi. Bundan sonra məhəlləyə çıxdım. Məhəlləyə çıxdıqda Anarın məni nəyə görə çağırdığını bilmirdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ildə Anarla birlikdə narkotik vasitə çəkiblər. Anar hadisə günü ondan narkotik vasitə tapmasını istəyib. O bildirib ki, Anara artıq narkotik vasitələrdən istifadə etmədiyini deyib və bu zaman Anar əsəbiləşərək yüksək səslə danışıb:
"Mən isə ona təpinərək sakit olmasını bildirdim. Həmin vaxt Anar yaxamdan tutdu və mənimlə mübahisə etməyə başladı. Anarın məni vuracağını düşündüm. Bu səbəbdən Anar yaxamdan tutan kimi bıçağı çıxartdım. Vurmaqda məqsədim onu qapıdan qovmaq olub. Vüsal qaça-qaça gəldiyindən onun hücum çəkəcəyini düşündüm, bu səbəbdən Vüsalı da vurdum. Sonradan Vüsalın bizi ayırmaq üçün gəldiyini bildim".
Təqsirləndirilən şəxs qeyd edib ki, Anarı vurduqdan 2-3 saniyə sonra Vüsal gəlib. Anarla Vüsalı vurduqdan sonra onlar hadisə yerindən uzaqlaşıblar. Yuriy deyib ki, həmin vaxt evdə anası və nişanlısı olub. O, ailə üzvlərini və özünü qorumaq üçün Anargildən ehtiyatlanaraq onları vurduğunu bildirib.
İş üzrə zərərçəkmiş Vüsal bildirib ki, hadisə günü Anargillə restoranda olublar:
"Anar Yuriylə işi olduğunu bildirdi və evə qayıdan zaman Yuriygilin məhəlləsindən keçməyi təklif etdi. Biz də Anarla razılaşdıq. Anar Yuriygilin məhəlləsinə getdi, biz Anarı döngədə gözlədik. Anar getdikdən 2-3 dəqiqə keçməsinə baxmayaraq, qayıtmadı. Hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün Anarın yanına getdim. Bu zaman Anarla Yuriyin mübahisə etdiyini gördüm. Onları ayırmaq üçün qaçdıqda Yuriy məni də bıçaqla vurdu. Yuriyin əlindəki bıçaq qarnıma və buduma dəydi".
Vüsal ifadəsində Anarla Yuriyin arasındakı mübahisənin konkret səbəbini bilmədiyini, bildiyi qədəri ilə onların arasında moped alqı-satqısı ilə bağlı məsələ olduğunu və mübahisənin də bundan qaynaqlandığını deyib. O, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, hazırda istifadə etmədiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yuriy 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Müəllif: Fariz Məlikli


