Bakının Yasamal rayonunda yetkinlik yaşına çatmayan oğlan qətl törədib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Rəvan tanışı Nərimanı (adlar şərtidir – red.) bıçaqlayaraq öldürüb. Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.
İstintaq sənədlərinə görə, Rəvan uzun müddətdir tanıdığı və birlikdə şadlıq sarayında ofisiant köməkçisi işlədiyi tanışı, 2010-cu il təvəllüdlü Nəriman və digər ortaq tanışları ilə daim görüşdükləri söhbətgahda olarkən bir gün əvvəl tanımadığı şəxslərlə onun və dostlarının arasında yaranmış mübahisə zamanı həmin şəxslərin ona qarşı fiziki zor tətbiq etmələri ilə əlaqədar növbəti günlərdə də mübahisələrinin davam edəcəyini düşünüb. O, özünü müdafiə etmək məqsədilə həmin gün xırdavat mağazasından aldığı bıçağı nümayişkaranə şəkildə əlində oynadarkən Nəriman ona bıçaqdan zarafat məqsədilə istifadə etməməsi, onu əlində nümayişkaranə şəkildə saxlamaması və cibinə qoyması barədə xəbərdarlıq edib.
Buna məhəl qoymayan Rəvan, əksinə, bıçağını Nərimanın istiqamətində hərəkət etdirməyə davam edib. Bu səbəbdən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisənin gedişində Nərimanın ortaq tanışlarının yanında ona əvvəlki gün aralarında mübahisə baş vermiş şəxslərlə yenidən qarşılaşacağı təqdirdə əlində tutduğu bıçaqdan onlara qarşı istifadə edə bilməyəcəyini ironik şəkildə deməsinə cavab olaraq Rəvan zərurət yarandığı halda istənilən şəxsə qarşı həmin bıçaqdan istifadə etmək iqtidarında olduğunu deyib.
Bundan sonra Nəriman onun əvvəlki gün mübahisə etdiyi şəxslərlə qarşılaşacağı halda bıçaqdan istifadə edə bilməyəcəyinə dair təkrarən eyham vuraraq ona xitabən həmin şəxslərə qarşı bıçaqdan istifadə etməyənin "var-yoxuna" söyüş söyməklə təhqiredici ifadələr işlədib. Bu səbəbdən əsəbiləşən Rəvan qisas almaq niyyəti ilə əlindəki bıçaqla Nərimanın sol bud nahiyəsinə bir dəfə zərbə endirib. Nəriman xəstəxanaya çatdırılsa da, kəskin qanitirmə səbəbindən ölüb.
Rəvanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, dostları ilə birlikdə söhbət edən zaman uşaqlar arasında mübahisə yaranıb:
"Bu zaman Nəriman mənə müraciət edərək bıçağı istədi və "ver, baxım" dedi. Mən isə burada bıçaq çıxarmağın düzgün olmadığını bildirdim. Sonra söhbətgahın kənarına keçdikdən sonra bıçağı ona verdim. Nəriman bıçağa baxaraq onu əlində oynatdı. Biz söhbətgahın qarşı tərəfinə keçdik. Aramızda məsafə çox az idi, hava qaralmışdı. Mən Nərimana bıçağın dəyəcəyini heç cür təsəvvür etməmişəm. Aramızda hər hansı bir söyüş və ya mübahisə olmayıb. Sadəcə olaraq, Nəriman kimsə gəlsə, bıçağı çıxarmayanı söydü, həmin söyüşləri mənə ünvanladı. Mən bıçağı əlimdə sağa-sola hərəkət etdirdim. Aramızda məsafə çox az olduğundan həmin anda bıçaq Nərimanın ayağına dəyəndə o, ayağını tutdu. Mən isə geriyə dönərək baxdım və şok vəziyyətində oldum. Bu zaman Nərimanın şalvarının kənarından qan axdığını gördüm. O, skamyaya uzandı. Yanımızda olan ortaq dostumuz Telman "kurtkanı çıxart, tez" dedi. Mən əynimdə olan kurtkanı çıxararaq Nərimanın ayağına bağladım".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Mehman qaçaraq gəlib və bıçağı onun əlindən alıb. Onun sözlərinə görə, uşaqlardan biri kəmərini çıxararaq Nərimanın ayağına bağlayıb, həmin vaxt uşaqlardan biri təcili yardım çağırıb:
"Hadisədən sonra bibim oğlugilə getdim və baş verən hadisəni onlara danışdım. Onlar polis bölməsinə gedərək təslim olmağımı tövsiyə etdilər. Sonra hadisə barədə valideynlərimə də məlumat verdim. Mən Nərimanın vəfat etdiyini bilməmişəm. Sonradan evdəkilər mənə hadisə barədə məlumat verdi. Polis əməkdaşları məni evdən götürərək bölməyə gətirdilər".
Təqsirləndirilən şəxs bildirib ki, hadisə tam orta məktəbin arxasında baş verib. Onun sözlərinə görə, həmişə orada oturaraq söhbət ediblər. Qeyd edib ki, hadisədən bir gün əvvəl baş vermiş mübahisədə o döyülüb, üzərinə bıçaq çıxarılıb:
"Nəriman da orada olub. Lakin tez getdi. Bununla bağlı polisə şikayət etməmişəm. Valeh mənə mübahisə etdiyimiz şəxslərin növbəti gün yenə gələcəklərini dedi. Bıçağı mən özüm almışam. Nərimanla zarafatlaşan zaman üzbəüz dayanmışam. Onunla aramızda heç bir mübahisə olmayıb. Mən Nərimanı iki ildir ki, tanıyırdım. Həmişə mehriban olmuşuq, aramızda heç bir mübahisə olmayıb".
Təqsirləndirilən şəxs deyib ki, Nərimanı həmin işə motosikletin kreditini ödəyə bilsin deyə düzəldib, birlikdə şadlıq sarayında işləyiblər:
"Nəriman mənə "kimsə gəlsə, bıçağı çıxarmayana" nə söyüş söyərəm dedi. Mən Nərimanın o sözünə heç bir cavab vermədim. Bıçağı əlimdən dostumuz götürdü. Törətdiyim əməldən çox peşman olmuşam. Atam III qrup əlildir".
İş üzrə şahid qismində ifadə verən Rəvanın bibisi oğlunun sözlərinə görə, təqsirləndirilən şəxsin atası Abbas anadangəlmə əqli qüsurludur və əlildir. Onun sözlərinə görə, əvvəllər Abbas Ülkər adlı qadınla evli olub, birgə nikahdan Rəvan və Fuad adlı övladları dünyaya gəlib:
"Ülkər xeyli müddət əvvəl başqa birinə qoşularaq onları tərk etdi. Abbas və oğlu Fuad nənəsi Fatimə ilə birlikdə Sumqayıt şəhərində yaşayıblar. Rəvan isə Yasamal rayonunda yerləşən orta məktəbdə təhsil aldığı üçün nənəsinin bacısı ilə yaşayıb".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.
Müəllif: Fariz Məlikli


