YapiKredi Müraciət Forması
Kriminal Özəl

Quzuya görə yerlisini döydü — Maaşından pul tutulacaq

Quzuya görə yerlisini döydü — Maaşından pul tutulacaq

Quba rayonunda 53 yaşlı kişi həmkəndlisinə xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1973-cü il təvəllüdlü Firuz həmkəndlisi İlqarla (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, yumruqla İlqarın üz və sinə nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.

Firuz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Firuz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, hadisə günü saat 14 radələrində yaşadıqları kəndin ərazisində təsadüfən İlqarla rastlaşıb:

"Həmin vaxt İlqarın ona məxsus quzuların oğurlanmasında məndən şübhələndiyini bildirdim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla İlqarın üz və sinə nahiyələrinə zərbələr endirərək ona xəsarət yetirdim".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib.

İş üzrə zərərçəkmiş İlqar isə ifadəsində yaşadıqları kəndin ərazisində təsadüfən Firuzla rastlaşdığını deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona məxsus iki quzunun oğurlanmasında İlqardan şübhələndiyini bildirib və bundan sonra aralarında mübahisə yaranıb.

İlqarın ifadəsinə görə, mübahisə zamanı təqsirləndirilən şəxs yumruqla onun üz və sinə nahiyələrinə zərbələr endirərək xəsarət yetirib. Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını və onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdiyini bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Firuz aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti qazancından dövlət nəfinə tutulmaların aparılmağa başlandığı vaxtdan hesablansın.

Fariz Məlikli

Editor
Redaktor