YapiKredi Müraciət Forması
Kriminal Özəl

Mahnı üstündə kafedə dava düşdü — 3 illik cəzalandırıldı

Mahnı üstündə kafedə dava düşdü — 3 illik cəzalandırıldı

Xaçmaz rayonunda kafedə baş verən mübahisə dava ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 224 ünvanında yerləşən "Məkan" adlı kafedə baş verib.

Xaçmaz şəhər sakini, 2001-ci il təvəllüdlü Mübariz Kazımov Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 2 il 1 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası şərti hesab olunaraq ona 2 il sınaq müddəti təyin edilib. Məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda o, yenidən cinayət törədib.

İstintaq sənədlərinə görə, orta dərəcəli sərxoş vəziyyətdə olan Mübariz "Məkan" adlı kafenin ikinci mərtəbəsində istədiyi mahnını səsləndirmək istəyib. Bu səbəbdən kafeni icarəyə götürərək işlədən Vüsal Əlipaşayevlə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mübariz heç bir əsaslı səbəb olmadan özü ilə gətirdiyi bıçaqla Vüsalın qarın və sol qol nahiyələrinə zərbələr endirib.

İş üzrə məhkəmədə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində Xaçmaz şəhərində yerləşən "Məkan" adlı kafeyə hadisədən 15-20 dəqiqə əvvəl gəldiyini bildirib:

"Mən tanışlarımla spirtli içki qəbul etdim. Daha sonra həmin kafeni işlədən, əvvəldən tanıdığım Vüsalın qardaşından mahnı qoşmasını xahiş etdim. Lakin Vüsal yaxınlaşaraq mahnı qoşmağın mümkün olmadığını dedi. Mən isə Vüsala dedim ki, əgər mahnı qoşmaq 5-3 manatdırsa, pulunu verə bilərəm. Vüsal yenə də icazə vermədi. O, məni qapı tərəfə çağırdı və orada bir qədər söhbətləşdik. Aramızda anlaşılmazlıq yarandı. Mən baş qoşmadım və əyləşdiyim stola tərəf geri qayıtdım. Vüsal da yanıma gələrək söhbəti davam etdirdi və bununla da mübahisə baş verdi. Aramızda xoşagəlməz sözlər oldu. Mən Vüsalı yumruqla vurdum və geri çəkildim. Bu zaman arxadan digər şəxslər məni ayırmaq məqsədilə tutaraq saxladılar. Həmin vaxt ayağım divana ilişdi və yerə yıxıldım. Vüsalın da üstümə gəldiyini görərək üzərimdə saxladığım bıçağı çıxardım, bıçaqla Vüsalın qol və qarın nahiyələrinə zərbələr endirdim".

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, həmin bıçaq onda çoxdan olub. O, bıçağı üzərində gəzdirməsini özünü qorumaq istəyi ilə izah edib. Bildirib ki, ona kimsə hücum edə bilər və bu səbəbdən üzərində bıçaq gəzdirib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını və törətdiyi əməldən qismən peşman olduğunu deyib.

Mübariz Kazımov ibtidai istintaq zamanı verdiyi ifadəsində Vüsalı tanıdığını və həmin şəxsin "Məkan" adlı kafeni işlətdiyini bildirib. Onun sözlərinə görə, Vüsalla arasında ədavət və ya düşmənçilik olmayıb. O, yaşadığı evdə çoxdan, yadında qalmayan bir yerdən aldığı qara rəngli, düyməli bıçağın olduğunu və həmin bıçağı üzərində gəzdirdiyi bel çantasının içərisində saxladığını deyib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, "Məkan"da oturarkən həmişə yediklərinin pulunu ödəyib. Lakin tanışları həmin yerdə yemək yedikdən sonra bəzən pulunu verməyiblər. Həmin məkanı işlədən Vüsal da buna görə özünü günahkar bilib.

Mübariz Kazımov qeyd edib ki, hadisə günü saat 01 radələrində yadında qalmayan bir şəxs ona zəng edərək görüşmək istədiyini bildirib və yemək süfrəsi arxasında olduqlarını deyərək onu "Məkan" adlı kafenin ikinci mərtəbəsinə çağırıb:

"Həmin gün saat 01:30 radələrində üzdən tanıdığım uşaqlarla həmin yerdə spirtli içki qəbul etdim. Həmin stolun və hesabın pulunu verdim. Bundan sonra həmin yerdə mahnı qoşmaq istədim. Əlimdə telefon tutaraq USB portu vasitəsilə mahnı qoşmaq üçün kafenin barına, yəni mətbəx hissəsinə yaxınlaşdım. Mahnı qoşmaq istədim. Bu zaman Vüsal yaxınlaşaraq nə istədiyimi soruşdu. Vüsala mahnı qoşmaq istədiyimi bildirdim. Vüsal acıqlı halda "olmaz" dedi. Vüsala digər şəxslərin də mahnı sifariş edə bildiklərini dedim. Əgər pulla sifariş edilirsə, pul verərək mahnı sifariş etmək istədiyimi bildirdim. Vüsal yenidən "olmaz" dedi. Bu danışıqdan sonra Vüsal işlətdiyi kafeyə bir daha gəlməməyimi, ayağımın oraya dəyməməli olduğunu dedi. Vüsaldan nə üçün gəlməyimə qadağa qoyduğunu soruşdum. O, mənə içəri girməyəcəyimi dedi".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra əyləşdiyi stolun yaxınlığında olarkən Vüsal ona yaxınlaşaraq "sən normal oğlan deyilsən, çıx get buradan" deyib:

"Buna görə Vüsalın sol tərəfindən sağ əlimlə yumruqla vurdum. Sonra dala çəkildim ki, bəlkə Vüsal uzaqlaşar. Vüsal bundan sonra üstümə gəlməyə başladı. Sonra tanımadığım şəxslər araya girdi. Məni mübahisədən uzaqlaşdırmaq istəyəndə Vüsal bundan istifadə edərək yumruqla vurmağa başladı. Buna görə bel çantamda saxladığım bıçağı çıxararaq açdım və yadımda qalmayan vəziyyətdə Vüsalın sol qol və qarın nahiyələrindən iki dəfə qəsdən vurdum ki, Vüsal əl çəksin. Yerə yıxılanda adını sonradan bildiyim Teyyub adlı şəxs əlimdəki bıçağı almaq istədi. Cəld bıçağı kənara çəkdim ki, Teyyub əlimdən bıçağı ala bilməsin. Həmin mübahisə 5-10 dəqiqə ərzində baş verdi. Mübahisəni kənar şəxslər ayırdılar".

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Mübariz Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, Mübariz Kazımov bundan əvvəlki cinayətini 28 mart 2025-ci il tarixində törədib. Həmin məhkəmə sənədlərinə görə, o, həmin gün gecə saat 02 radələrində Qüdrətlə mobil telefonla danışarkən sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Xaçmaz rayonu, Xanlıqoba–Çarxı yolunda, Çarxı kəndinin girişindən 200 metr məsafədə, kəndin mərkəzinə doğru gedən yolun sağ kənarında onunla görüşüb.

Daha sonra zərərçəkmiş şəxs ondan üzr istəsə də, Mübariz heç bir əsaslı səbəb olmadan özü ilə gətirdiyi, ucluğu iti olan "biz" alətinə bənzər dəmir parçası ilə ona xəsarət yetirib.

Fariz Məlikli

Editor
Redaktor