YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət İnfrastruktur

Bakıda köhnə binaların sökülməsi ilə bağlı yeni detallar — Açıqlama

Bakıda köhnə binaların sökülməsi ilə bağlı yeni detallar — Açıqlama

Sovet dövründən qalma köhnə yaşayış binalarının texniki vəziyyəti, istismar müddəti və yenilənməsi məsələsi sakinləri maraqlandıran mövzulardandır.

Bəs bu binaların gələcək taleyi necə müəyyənləşdiriləcək, söküntü və yenidənqurma zamanı sakinləri hansı dəyişikliklər gözləyir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov bildirib ki, sovet dövründən qalma köhnə yaşayış binalarının istismar müddəti, texniki vəziyyəti və gələcəkdə sökülməsi məsələsi paytaxtda yaşayan sakinləri maraqlandıran əsas mövzulardandır.

Bakıda köhnə binaların sökülməsi ilə bağlı yeni detallar — Açıqlama

Onun sözlərinə görə, bu binalarda yaşayan insanlar üçün əsas suallar söküntü qərarlarının hansı meyarlarla veriləcəyi, mənzillərin əvəzində kompensasiyanın necə hesablanacağı və sakinlərin yeni mənzillərlə təmin olunub-olunmayacağıdır:

"Son günlər bu məsələ ilə bağlı açıqlamalarda Bakının Nəsimi rayonunda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan 30-a yaxın binanın sökülməsi planı da gündəmə gəlib. İlkin qiymətləndirmələrdə bəzi ərazilər üçün kvadratmetr üzrə 2 000-3 000 manat kompensasiya ehtimalı səsləndirilib. Lakin konkret məbləğlər ünvan və layihə üzrə qiymətləndirmədən sonra müəyyənləşdirilməlidir. Burada əsas məqamlardan biri köhnə binaların yalnız yaşına görə deyil, texniki vəziyyətinə, konstruksiyalarının möhkəmliyinə və sakinlərin təhlükəsizliyi baxımından yaratdığı risklərə görə qiymətləndirilməsidir. Hər köhnə binanın avtomatik şəkildə sökülməsi nəzərdə tutula bilməz. İlk növbədə, binanın istismar üçün yararlı olub-olmaması müvafiq texniki müayinələr əsasında müəyyən edilməlidir.

Digər mühüm məsələ söküntü zamanı sakinlərin hüquqlarının qorunmasıdır. Çünki uzun illər həmin mənzillərdə yaşayan ailələr üçün bu, sadəcə yaşayış yerinin dəyişdirilməsi deyil, həm də əmlak və maliyyə məsələsidir. Sakinlərə təklif edilən kompensasiyanın məbləği onların yeni mənzil əldə etmək imkanlarına birbaşa təsir göstərə bilər. Buna görə də qiymətləndirmə aparılarkən mənzilin sahəsi, yerləşdiyi ərazi və bazar dəyəri kimi amillər nəzərə alınmalıdır. Eyni zamanda, kompensasiya ilə yeni mənzil təklifinin sakinlər üçün hansı baxımdan daha əlverişli olacağı da əhəmiyyətlidir. Bəzi hallarda vətəndaşlar pul kompensasiyası almağa üstünlük verə, digərləri isə əvvəlki ərazidə yeni mənzillə təmin olunmaq istəyə bilərlər. Bu məsələlər konkret layihənin şərtlərindən və tərəflər arasında əldə edilən razılaşmadan asılıdır.

Hesab edirəm ki, köhnə yaşayış binalarının yenilənməsi prosesi mərhələli və şəffaf şəkildə həyata keçirilməlidir. Söküntü ilə bağlı qərarlar, kompensasiya mexanizmləri və sakinlərə təqdim ediləcək şərtlər əvvəlcədən aydın şəkildə izah olunmalıdır. Bu, həm vətəndaşların narahatlığını azaldar, həm də proses zamanı yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edər".