Evdə hazırlanan şokoladlı peçenye həm ətri, həm də zərif dadı ilə çay süfrəsinə xüsusi ləzzət qatır. Üzərində yaranan çatlarla seçilən bu şirniyyatın hazırlanması da olduqca sadədir və cəmi 30 dəqiqə vaxt aparır.
Demokrat.az kakao ətirli, yumşaq teksturaya malik şokoladlı peçenyenin reseptini təqdim edir. Reseptin müəllifi Yuliya İqnatyukun sözlərinə görə, göstərilən ərzaqlarla təxminən 12-14 ədəd peçenye hazırlamaq mümkündür.
Lazım olan ərzaqlar:
- 230 qram un
- 30 qram kakao
- 2 yumurta
- Xəmir üçün 130 qram şəkər kirşanı
- Üzəri üçün 50 qram şəkər kirşanı
- 50 qram kərə yağı
- Bir çimdik duz
- 1,5 çay qaşığı qabartma tozu
Hazırlanma qaydası:
Əvvəlcə sobanı 180 dərəcəyədək qızdırın. Kərə yağını əridib şəkər kirşanı, duz və yumurta ilə qarışdırın. Ayrı qabda un, kakao və qabartma tozunu birləşdirin. Daha sonra quru ərzaqları yumurtalı qarışıma əlavə edərək qatı xəmir hazırlayın.
Xəmirdən kiçik kündələr düzəldin və hər birini şəkər kirşanına yaxşıca bulayın. Kündələri azca yastılaşdıraraq perqament kağızı sərilmiş soba sinisinə düzün. Peçenyeləri təxminən 15 dəqiqə bişirin.
Şirniyyatın üzərindəki çatların yaranmasında şəkər kirşanı mühüm rol oynayır. Nəticədə peçenyelərin xarici görünüşü cəlbedici, içərisi isə yumşaq alınır.
Məqalədə qeyd olunur ki, hazırlanan kündələri sonradan istifadə etmək üçün dondurucuda saxlamaq da mümkündür. Bu halda peçenyeləri bişirməzdən əvvəl əritmədən birbaşa əvvəlcədən qızdırılmış sobaya qoymaq tövsiyə edilir.
Jalə


