YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Toyuğa hormon vursaydılar, 50 manata satılardı — Ekspert

Toyuğa hormon vursaydılar, 50 manata satılardı — Ekspert

Süfrəmizdən əskik olmayan broyler toyuqlarının sağlamlığa zərərli olması ilə bağlı iddialar zaman-zaman gündəmə gəlir. Onların qısa müddətdə böyüyərək iri çəkiyə çatması hormonlardan istifadə edilməsi ilə bağlı şübhələr yaradır. Bu isə istehlakçılarda toyuq ətinin təhlükəsizliyi və müntəzəm istehlakının sağlamlığa təsiri ilə bağlı suallar doğurur.

Demokrat.az-a bu barədə açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, broyler toyuqlarının zərərli olması ilə bağlı fikirlər mifdir.

Toyuğa hormon vursaydılar, 50 manata satılardı — Ekspert

Onun sözlərinə görə, bu iddialar əsassızdır:

"Toyuqlara hormon verilsəydi, biz onları kiloqramını 7-8 manata almazdıq. Qiyməti ən azı 50 manat olardı. Biz 70 ildir broyler toyuqları yeyirik. Sovet dövründə də indiki broylerlərə bənzər şəkildə yetişdirilən toyuqlar var idi. Həmin vaxt "Serebrist"sortu mövcud idi. Lələkləri ağ-qara çalarlarda olan bu toyuqları onilliklər ərzində yemişik. Bunun bizə zərəri olubmu? Xeyr. Deməli, broylerlərin zərərli olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur".

Kənd toyuqları faydalıdırmı? Bəli, bunu heç kim inkar etmir. Çünki kənd toyuqları təbii şəraitdə qidalanır, həyət-bacada gəzir, qurd-quş tapıb yeyir. Broylerlərin isə belə imkanları yoxdur. Onların yemi qarşılarına hazır şəkildə qoyulur. Bu yem qarğıdalı, kəpək, yağ və digər komponentlərdən, eləcə də vitaminlərlə zənginləşdirilmiş qarışıqlardan ibarət olur.

Broylerlər sərbəst hərəkət etmədikləri və yemləri daim qarşılarında olduğu üçün daha tez kökəlirlər. Bu, həm də onların yetişdirilmə xüsusiyyətləri ilə bağlıdır. Broyler ayrıca toyuq qrupudur, kənd toyuqları isə fərqli cinslərə aiddir. Broylerlərin zərərli olduğunu deyən insanlar restoranlarda işləsələr və ya restoran açsalar, indiki menyularda toyuq kababı, şnitzel, nagets, qordon-blyu və toyuq əti ilə hazırlanan digər yeməklərin nə qədər geniş yer tutduğunu görərlər. Bu yeməklərin hazırlanmasında broyler ətindən istifadə olunur. Kənd toyuğu isə kənd şorbası, kabab, soyutma və digər qazan yeməkləri üçün daha uyğundur.

Çünki onun əti daha sərt olur və uzun müddət bişirilməsinə ehtiyac yaranır. Bu gün ölkədəki bütün insanların tələbatını yalnız kənd toyuqları hesabına ödəmək mümkündürmü? Xeyr. Buna görə də broyler yetişdirilməsi vacibdir. Broylerlərə uzun illərdir tələbat var və biz onlardan onilliklərdir istifadə edirik. Broylerlərin zərərli olduğunu təsdiqləyən elmi əsaslı bir məqalə varsa, bu iddialarla razılaşmayan şəxslər həmin elmi məqaləni mənə göndərə bilərlər".