Amerikanın "Lockheed Martin" şirkəti Ukraynanın ehtiyaclarına uyğunlaşdırılmış, daha geniş uçuş mənzilinə, yeni AESA radarına və gücləndirilmiş hava hücumundan müdafiə imkanlarına malik xüsusi F-16 variantı ideyasını irəli sürür. Belə bir təyyarə ilə bağlı hələ heç bir konkret danışıq aparılmayıb və istənilən belə proqram Vaşinqtonun təsdiqini tələb edəcək.
Bu barədə "Demokrat.az" "Defence Blog"a istinadən xəbər verir.
Lockheed Martin nə təklif edir?
Nəşrin şirkət daxilindəki mənbələrinə görə, bu fikir Prezident Vladimir Zelenskinin oktyabrın 19-da Kiyevdə Lockheed Martin komandası ilə görüşündən bir neçə gün sonra ortaya çıxıb. Ukrayna prezidentinin aparatının məlumatına görə, həmin vaxt müzakirələr F-16-lara dəstək və pilotların təlimi məsələləri ətrafında aparılıb.
Nəzərdən keçirilən variantlardan biri, daha geniş uçuş mənzilinə və AESA radarına malik yeni F-16 modifikasiyasıdır.
Məsələdən xəbərdar olan şəxslərin sözlərinə görə, bu, pilotlara aşağı hündürlükdə uçan dronları və qanadlı raketləri, Ukrayna təyyarələrində hazırda mövcud olan radar sistemləri ilə müqayisədə daha tez və sürətli aşkar etməyə imkan verəcək.
Şirkət həmçinin, idarə olunan bombalar və qanadlı raketlər də daxil olmaqla, Avropa istehsalı olan silahların daha dərindən inteqrasiyası imkanlarını nəzərdən keçirir. Bu, Ukraynanın F-16 təyyarələrində hazırda istifadə olunan Qərb sursatları ilə yanaşı, mövcud silah arsenalının da genişləndirilməsinə şərait yaradacaq.
Mənbələr vurğulayıblar ki, hazırda yeni versiya ilə bağlı heç bir konkret danışıqlar aparılmır. Bununla yanaşı, Ukrayna tərəfi əlçatan, çoxməqsədli qırıcı təyyarəyə – pilotlarının artıq döyüş təcrübəsi qazandığı təyyarə növünə – maraq göstərib. "Lockheed Martin" şirkəti Ukrayna ilə bir sıra birgə layihələrin həyata keçiriləcəyini gözləyir.
Xatırladaq ki, görüşdən sonra Zelenski Kiyevin F-16 proqramını davam etdirmək niyyətində olduğunu bildirib.
"Defence Blog"un qeyd etdiyi kimi, Ukraynanın Avropadakı NATO üzvü olan ölkələrdən aldığı F-16-lar "orta ömür dövrü modernləşdirilməsi"ndən (Mid-Life Update) keçmiş köhnə modellərdir. Onlar hələ də mexaniki skanlama sisteminə malik radarlarla təchiz olunublar.
Daha yeni F-16 "Block 70" təyyarələri isə AESA (aktiv elektron skanlanan massiv) radarlarına malikdir. Nəşrin məlumatına görə, bu radarlar daha uzaq məsafələrdə daha çox hədəfi izləyə bilir, həmçinin yer fonunda kiçik və alçaqdan uçan obyektlərin aşkarlanmasında daha effektivdirlər. Məhz belə hədəflər Rusiyanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumlar zamanı əsas təhlükəni təşkil edir.
Oktyabrın 19-da keçirilən görüşdə, həmçinin Ukraynadakı F-16-ların texniki xidməti və təmiri, eləcə də "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunan və "Patriot" sistemlərində istifadə edilən ballistik raketlərə qarşı mübarizə vasitəsi olan raketlərin genişmiqyaslı tədarükü məsələləri müzakirə olunub. Kiyev bu raketlərdən bir qismini əldə etməyə ümid edir. "Defence Blog" nəşrinə görə, F-16-ların xüsusi Ukrayna modifikasiyası ölkənin daha genişmiqyaslı qırıcı təyyarə planlarına uyğun gəlir; bu planlara İsveçdən sifariş edilmiş (iyun ayında sifariş olunub, tədarükün 2029-cu ildə başlaması nəzərdə tutulur) 16 ədəd "Gripen E" təyyarəsi də daxildir.
Mənbələr xüsusi Ukrayna modifikasiyasının mümkün dəyərini, proqrama daxil edilə biləcək təyyarələrin sayını və ya şirkətin inteqrasiya üçün Avropa istehsalı olan hansı konkret sursatlara üstünlük verəcəyini açıqlamayıblar.
Alparslan


