Saatlı rayonunda 38 yaşlı kişi qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonunun kəndlərindən birində baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Amal birlikdə yaşadığı, qeyri-rəsmi nikahda olduğu arvadı Səmayənin əvvəlki nikahından olan övladı, yetkinlik yaşına çatmayan Kəmaləyə (adlar şərtidir – red.) qarşı intim xarakterli hərəkətlər edib.
Həmçinin yetkinlik yaşına çatmayan qızın sol qolunu sığallamaqla, onu öpmək və dişləməklə dərəcəsi təyin edilməyən xəsarət yetirib. Qız bu barədə anasına danışacağı halda onu döyəcəyi və öldürəcəyi, yəni zor tətbiq edəcəyi ilə hədələyib, yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
İstintaq sənədlərinə görə, 38 yaşlı kişi bu hərəkətlərini 2026-cı ilin əvvəlində törədib. Bu kimi hərəkətləri ümumilikdə 2026-cı ilin müxtəlif vaxtlarında beş dəfə törədib.
Amal barəsində Cinayət Məcəlləsinin 150.2-1.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri – eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə məhkəmədə izahat verən Amal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, qeyd olunan hadisələr baş verməyib. Onun sözlərinə görə, dayısının Kəmaləni aparmasına səbəb onun qızın boynundan dişləməsi olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Kəmalənin anası da orada olub, digər qeyd olunan hərəkətləri o etməyib və Kəmaləni anası ilə hədələməsi kimi hal olmayıb.
Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında kəskin ziddiyyətlər müəyyən edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib.
Amal həmin ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun sözlərinə görə, 2026-cı ildə azadlığa çıxıb.
Cinayətin mahiyyəti üzrə bildirib ki, 2023-cü ildə Ucar rayon sakini Səmayə ilə qeyri-rəsmi ailə həyatı qurub. O bildirib ki, Səmayə ilə ailə həyatı qurduğu vaxt onun bir qız övladı olub:
"Səmayənin qız övladı iş üzrə zərərçəkmiş Kəmalədir. Mən Səmayəni qızı ilə birlikdə qəbul etdim. Lakin Kəmalə həmin vaxtlar daimi olaraq deyil, arada bir anasını görmək üçün Saatlı rayonuna gəlib-gedib. Mən azadlıqdan məhrum edildikdən sonra Kəmalə daimi olaraq Saatlı rayonuna gəldi və anası ilə birlikdə yaşadı".
Təqsirləndirilən şəxs bildirib ki, həbsdən azad olduqdan sonra, yəni 2026-cı ildə şəhvət hissləri ilə əlaqədar Kəmaləyə qarşı cinsi istəkləri yaranıb. Onun sözlərinə görə, Kəmalə ilə yavaş-yavaş oynamaqla aralarındakı münasibət daha da istiləşib və qıza qarşı cinsi istəklərini ödəmək üçün onun boğazından öpüb və dişləyib:
"Baş verənlər son bir həftə ərzində baş verib. Öpməkdən əlavə, Kəmalənin əlini paltarımın üstündən intim yerlərimə toxundurmuşam. Həmçinin özüm də Kəmalənin belinə, qarnına əlimlə toxunmuşam. Onu sığallayaraq öz cinsi istəklərimi qarşılamışam. Kəmalənin belinə, qarnına paltarın altından toxunmuşam. Anası Səmayə mənə irad bildirdiyi zaman onunla oynadığımı bildirmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, baş verənlərdən Kəmalənin dayısı Mahmud xəbər tutduqdan sonra Saatlı rayonuna gəlib və qızı Bakı şəhərinə aparıb.
Təqsirləndirilən şəxs bildirib ki, Kəmalə ilə cinsi əlaqədə olmayıb və qızı ona toxunması barədə hədələməyib. O deyib ki, sadəcə, Kəmalənin də bu münasibəti istədiyini hiss edib və ona toxunub:
"Kəmaləyə qarşı cinsi istəklərimdən irəli gələn hərəkətlər etdiyim vaxt etiraz etməyib. Özü də mənə qarşı isti münasibət göstərib. Mən yatdığım vaxt Kəmalə özü yanıma gəlib, ayaqlarını ayaqlarıma dolayıb və artıq aramızda paltarın üstündən bütün hərəkətlər baş verib. Biz uzananda Kəmalə ayağını ayağımın üstünə qoyub, mən də eyni hərəkətləri etməklə həzz almışam".
Amalın sözlərinə görə, Kəmalə ilə cinsi əlaqədə olmaq istəyib. O deyib ki, Kəmalə özü onun qucağına çıxmaq istəyib, amma intim əlaqədə olmaq istəməyib. Kəmalənin ilkin araşdırma zamanı verdiyi izahatda onu döyməsi, namaz qılmağa məcbur etməsi, dəstəmazı səhv aldığına görə dodağından və başından vurması ilə bağlı suala təqsirləndirilən şəxs belə cavab verib:
"Kəmalə düz deyir. Onu vurmaqda məqsədim onu düz yola gətirmək olub. Kəmalə ilə aramızda baş verənlər barədə heç kəsə məlumat verməmişəm. Aramızda olan qucaqlaşmanı, yatdığım yerdə yanımda uzanmağını, Kəmalənin başını sinəmə qoymağını onun özü və anası da görüb. Digər intim hərəkətləri isə anası görməyib. Çünki həmin vaxt Səmayə mətbəxdə olub və aramızda baş verənləri görməyib".
Təqsirləndirilən şəxs deyib ki, Kəmaləyə qayğı göstərib, onu çox istəyib. Onun sözlərinə görə, Kəmalə nə istəyirdisə, himayəsində olduğuna görə alıb. Qeyd edib ki, özü Kəmalənin anasına onu yanlarına gətirməsini və öz qızları kimi baxacağını deyib.
Cinayət işi üzrə Kəmalə ilə həmin hərəkətləri edəndə onun reaksiyası, bu hərəkətlərin Kəmalənin xoşuna gəlib-gəlməməsi və ya etiraz edib-etməməsi ilə bağlı ünvanlanan suala belə cavab verib:
"İlk dəfə Kəmalə ilə aramızda elə şeylər olanda ona "biz çox səhv etdik, bundan sonra bir də belə şeylər etməyək" deyə bildirmişəm. Mən Kəmaləyə mənə yaxın durmamağı demişəm. Mən həmin vaxt Kəmaləni öpmüşəm. Yatıb səhər tezdən duranda onun böyrümdə olduğunu görmüşəm. Kəmalənin bu hərəkətləri ilə məndə şəhvət hissi oyanıb".
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, anası evləndikdən sonra o, nənəsi ilə birlikdə yaşayıb. O deyib ki, Amal tutulduqdan sonra anası tək qalmasın deyə onun yanına köçüb.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, Amal özü onunla yaxınlıq etməyə başlayıb. O, belə hərəkətlər etməməsini bildirmək istədiyini deyəndə Amal onu anasını öldürməklə hədələyib. Kəmalə deyib ki, Amal dəfələrlə anası digər otaqda və ya mətbəxdə olduğu vaxt ona yaxınlaşıb, bədəninin müxtəlif yerlərinə toxunub, onu öpüb, dişləyib, həmçinin döyüb.
Zərərçəkmiş deyib ki, Amal dəfələrlə anasını onun gözü qarşısında döydüyündən, ona qarşı etdiyi hərəkətləri anasına deyəcəyi halda anasının başını kəsəcəyi ilə bağlı hədəsini real qəbul edib, qorxub və bir müddət anasına heç nə deməyib. Onun sözlərinə görə, Amal əvvəllər ona qarşı belə davranmayıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ona qarşı cinsi xarakterli hərəkətlər edib:
"Mən sonradan olanları anama danışdım. Daha sonra dayıma xəbər verdim. Dayım gecə gələrək məni apardı".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amal 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli


