YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

Gömrük rüsumları artırılır: Hansı məhsullar bahalaşa bilər?

Gömrük rüsumları artırılır: Hansı məhsullar bahalaşa bilər?

Sabahdan Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək. Bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq.

Dəyişikliklər daxili bazarda qiymətlərə necə təsir edəcək? Hansı məhsulların bahalaşmasına səbəb ola bilər və qiymət artımının qarşısını almaq mümkün olacaqmı?

Demokrat.az-a bu barədə danışan iqtisadçı Razi Abasbəyli bildirib ki, ixrac gömrük rüsumunun artırılması ilə idxal gömrük rüsumunun artırılması eyni nəticəni vermir:

Gömrük rüsumları artırılır: Hansı məhsullar bahalaşa bilər?

"Yəni ixrac rüsumu yerli məhsulun xaricə satışını bahalaşdırır və məhsulun ölkə daxilində qalmasını təşviq edir. Bu baxımdan, daxili bazarda qiymət proporsiyalarının qorunması baxımından qərarın müsbət tərəfləri var. İdxal rüsumunun artması isə əsasən xaricdən gətirilən məhsulların maya dəyərini yüksəldir. Lakin bu mərhələdə konkret hansı məhsulların bahalaşacağını deyə bilmərik. Qərar qüvvəyə minəndən sonra müvafiq məhsulların əmtəə kodlarını, əvvəlki və yeni rüsum dərəcələrini ayrıca təhlil etməliyik. Rüsumun 100% artırılması o demək deyil ki, məhsul bazarda pərakəndə olaraq 100 dəfə bahalaşacaq. Rəsmi sənədlərə baxdıqda, Nazirlər Kabinetinin 311 nömrəli qərarında həmin dəyişiklikləri aydın görürük. Əsasən, mis və mis ərintilərindən hazırlanan vint, bolt və qaykalar üzrə ixrac rüsumu artırılıb və qərar artıq qüvvəyə minib. Əvvəllər 1 ton üçün 15 dollar olan rüsum indi 300 dollara qədər artırılır. Yəni burada söhbət mis və mis ərintilərindən hazırlanan vint, bolt və qaykaların ixrac rüsumunun artırılmasından gedir. Bəs bu dəyişikliklər hansı halda əhali tərəfindən faktiki olaraq hiss edilə bilər? İxrac rüsumlarının artırılması xaricə satışı azalda və məhsulun ölkə daxilində qalmasını təşviq edə bilər. Amma müəssisələr əlavə rüsumu ixrac qiymətinə, belə deyək, mənfəət hissəsinə aid edə bilərlər".

İqtisadçının sözlərinə görə, qərarın qəbul edilməsi daha çox daxili bazar maraqlarının qorunmasına xidmət edir:

"Amma Azərbaycanda təmir-tikinti və bu qəbildən olan müvafiq məhsulların ixracı o qədər də yüksək deyil. Yəni Azərbaycanın qeyd etdiyimiz kodlar üzrə məhsulları xaricə ixracı o qədər də yüksək deyil və xarici bazarlara çıxış baxımından qiymətlərin bahalaşacağını gözləmək olmaz. Bu məhsulların bahalaşacağını proqnozlaşdıra bilmərik. İdxalla bağlı rüsumlara gəldikdə isə, burada söhbət konkret olaraq strateji ərzaq, qida və ya mühüm sənaye məhsullarından getmir. Əsasən, mal və materiallar, tikinti materialları, santexnika materialları üzrə idxal rüsumları müəyyən qədər artırılır. Görünür, hökumət daxili bazarı və sənaye istehsalı üzrə göstəriciləri araşdıraraq belə bir qərar verib. İdxal rüsumlarının 100% artırıldığı məhsullar əhalinin həyatına ciddi təsir göstərən əmtəə qruplarına aid deyil. Əmtəə kodlarını ayrı-ayrılıqda təhlil etdikdə görürük ki, dəyişikliklər əsasən son illərdə Azərbaycanda müəyyən nailiyyətlər əldə edilmiş sənaye sahələri ilə bağlıdır. Həmin sahələrdə istehsal göstəricilərinin artması fonunda hökumət yerli istehsalı stimullaşdırmaq və bu sahələrin inkişafına nail olmaq istəyir. Buna görə də idxal rüsumlarını ehtiyatla və mərhələli şəkildə artırır, eyni zamanda ixrac rüsumlarını da yüksəldir ki, qeyd etdiyimiz istiqamətlər üzrə daxili bazarda istehsal stimullaşsın və artsın. Buna görə də rüsumların 100% artırılması sadə Azərbaycan vətəndaşlarının gündəlik həyatında hiss edilməyəcək. Bir daha qeyd edirəm ki, bu dəyişikliklər strateji ərzaq məhsullarına, qida təminatına və ya gündəlik tələbat kateqoriyasına aid sənaye məhsullarına şamil olunmur. Ona görə də dəyişikliklər Azərbaycanda daxili bazarda ciddi bahalaşmaya səbəb olmayacaq".

FH
Fidan Hacızadə
Müxbir