YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Azərbaycana yeni vaksinlər gətirildi: Əhali peyvəndlənəcək — Açıqlama

Azərbaycana yeni vaksinlər gətirildi: Əhali peyvəndlənəcək — Açıqlama

Azərbaycanda əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəyə qripə qarşı vaksinlər gətirilib.

Demokrat.az-a bu barədə danışan terapevt Zakir Quliyev bildirib ki, qrip peyvəndindən sonra qoruyucu immun cavabın formalaşması təxminən 14 gün çəkir:

Azərbaycana yeni vaksinlər gətirildi: Əhali peyvəndlənəcək — Açıqlama

"Bu müddətdə insan qripə yoluxa bilər. Peyvəndin qoruyuculuğu insanın yaşından, sağlamlıq vəziyyətindən və vaksinin dövr edən viruslara uyğunluğundan asılıdır. Buna görə vaksinasiyanın virusun geniş yayılmasından əvvəl aparılması məqsədəuyğundur. Əhalidə peyvəndə şübhəni azaltmaq üçün insanların narahatlığını dinləmək, suallarını sadə dillə və elmi faktlarla cavablandırmaq lazımdır. Vaksinin faydaları, mümkün yan təsirləri və təhlükəsizliyinə nəzarət barədə məlumatlar açıq olmalıdır. İnsanlara izah edilməlidir ki, inyeksiya şəklində tətbiq olunan inaktivləşdirilmiş qrip vaksini qrip törətmir. Peyvənddən sonra inyeksiya yerində ağrı, qısamüddətli halsızlıq və yüngül hərarət ola bilər, ciddi allergik reaksiyalar isə çox nadirdir. Həmçinin peyvəndin bütün respirator infeksiyalardan və qripdən yüz faiz qorumadığı dürüst şəkildə bildirilməlidir. "Qripi illərdir müalicəsiz keçiririk, peyvəndə nə ehtiyac var?" yanaşması əvvəlki təcrübənin gələcək xəstəliyin gedişinə zəmanət verdiyi düşüncəsinə əsaslanır. Halbuki əvvəlki yoluxmaların yüngül keçməsi növbəti dəfə ağırlaşmanın olmayacağı demək deyil".

Terapevt əlavə edib ki, qrip xəstəxanaya yerləşdirilmədikdə ölümə səbəb ola bilər:

"Xüsusilə yaşlılar, hamilələr, kiçik uşaqlar və xroniki xəstəliyi olanlar daha yüksək risk daşıyırlar. Peyvəndin mühüm faydası ağır xəstəlik və onun fəsadları ehtimalını azaltmasıdır. Üstəlik, insanların "hər mövsüm qrip keçirirəm" dedikləri xəstəlik həmişə həqiqi qrip olmur. Digər respirator viruslar da oxşar əlamətlər yaradır. Keçirilmiş bir infeksiya bütün digər viruslara qarşı qorunma yaratmır və qrip peyvəndi də digər respirator infeksiyaların hamısından qorumur. Geniş vaksinasiyanı əsaslandıran başlıca amil əhali arasında ağır xəstəlik, hospitalizasiya və ölüm hallarının azaldılmasıdır. Təbii yoluxma immun cavab yaratsa da, insan bu müdafiəni xəstəliyin risklərini yaşayaraq əldə edir. Qrip viruslarının dəyişməsi və müxtəlif variantların dövr etməsi səbəbindən keçmiş yoluxma gələcək mövsümlər üçün etibarlı qorunma sayılmır. Vaksinlərin tərkibi də buna uyğun yenilənir. Bu səbəbdən hər il peyvəndlənmə, xüsusilə risk qrupları və onlara qulluq edənlər üçün mühüm profilaktik tədbirdir".

FH
Fidan Hacızadə
Müxbir