YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Tənbəllik sandığınız bu hal ciddi xəstəliyin siqnalıdır — Açıqlama

Tənbəllik sandığınız bu hal ciddi xəstəliyin siqnalıdır — Açıqlama

İnsanlar arasında enerjisizlik, motivasiyanın azalması və gündəlik işlərə marağın itməsi kimi hallar müşahidə olunur. Bəzi insanlar bu vəziyyəti tənbəlliklə əlaqələndirsələr də, bunun arxasında emosional tükənmə və psixoloji gərginlik də dayana bilər.

İnsan heç nə etmək istəmədikdə bunun səbəbinin tənbəllik, yoxsa emosional tükənmə olduğunu necə müəyyən etmək olar?

Demokrat.az-a açıqlamasında psixoloq Zümrüd Əsədova bildirib ki, ilk növbədə, insanın heç nə etmək istəməməsini dərhal tənbəllik kimi qiymətləndirmək düzgün deyil:

Tənbəllik sandığınız bu hal ciddi xəstəliyin siqnalıdır — Açıqlama

"Çünki bəzən insanın istəyi var, amma enerjisi çatmır. Bəzən isə uzun müddət özünü məcbur etdiyi, istəmədiyi işləri gördüyü və ya emosional gərginlik yaşadığı üçün artıq heç nəyə həvəsi qalmır. Burada bir neçə məqama baxmaq lazımdır. Məsələn, insan əvvəllər zövq aldığı şeylərə də marağını itiribsə, istirahət etsə belə özünü yorğun hiss edirsə, diqqətini toplamaqda çətinlik çəkirsə və bu vəziyyət uzun müddətdir davam edirsə, emosional tükənmə və ya başqa psixoloji, hətta fiziki səbəblər ehtimalını nəzərə almaq lazımdır".

Psixoloq əlavə edib ki, tənbəllik adlandırılan vəziyyətdə bəzən insanın enerjisi və imkanı olur, sadəcə işi təxirə salır və daha rahat olanı seçir:

"Amma bu vəziyyətləri bir-birindən ayırmaq həmişə asan deyil. İnsan özünü günahlandırdıqca vəziyyəti daha da çətinləşdirə bilər. Məncə, belə vəziyyətdə insan özünə bir sual verə bilər: ‘Mən bunu etmək istəmirəm, yoxsa etmək istəyirəm, amma intizamlı olmaq üçün güc tapa bilmirəm?" Bu sual insanın öz vəziyyətini anlamasına kömək edə bilər. Çünki insanın özünü daim məcbur etməsi də, hər şeyi təxirə salması da problemin səbəbini həll etmir. Əgər bu hal davamlıdırsa və gündəlik həyata təsir edirsə, xüsusilə də insan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almırsa, mütəxəssisə müraciət etmək vacibdir. Bəzən bunun arxasında emosional tükənmə, depressiya, yuxu problemləri və ya fiziki sağlamlıqla bağlı səbəblər dayanır. Enerji hiss etdikcə artmağa başlayır və insan hərəkət etdikcə güclənir. Əgər istək və hərəkət arasında ahəng yaranarsa, bu proses bir-birini dəstəkləyir".

FH
Fidan Hacızadə
Müxbir