Böyük müəssisələrdə informasiya təhlükəsizliyini təmin etmək və iş prosesinə nəzarət məqsədilə əməkdaşların kompüterlərinə xüsusi izləmə proqramları quraşdırıla bilər. Bu mexanizmlər işçilərin kompüterdəki fəaliyyətini, istifadə etdikləri proqramları və digər əməliyyatları izləməyə imkan verir.
Müəssisələrdə işçilərin kompüterlərinə izləmə proqramlarının quraşdırılması nə dərəcədə qanunidir və bu zaman işçilərin hüquqları necə qorunur? İşəgötürən nəzarətin hansı həddini aşa bilməz və işçi hüquqlarının pozulduğu halda hansı addımları ata bilər?
Vəkil Ceyhun İsmayıllı Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ işçinin işəgötürənlə bağladığı əmək müqaviləsində öz əksini tapır:

"Bəzi müəssisələrdə peşə və kommersiya sirri təşkil edən məlumatlar olduğuna görə bu cür nəzarət mexanizmləri tətbiq edilir. Həmin nəzarət qanun çərçivəsində və müəyyən həddə həyata keçirilir. Məsələn, şəxs bankda işləyirsə, təbii ki, bank sirri təşkil edən məlumatlarla işləyir. Bu məlumatlar bank tərəfindən qorunmalıdır. Buna görə də işçinin fəaliyyətinə müəyyən texniki vasitələrlə nəzarət edilir ki, həmin məlumatların onun tərəfindən qanunsuz şəkildə yayılmasının qarşısı alınsın".
Vəkilin sözlərinə görə, eyni qaydada, müəyyən dövlət orqanlarında da peşə və ya dövlət sirri təşkil edən məlumatların işçilər tərəfindən qanunsuz yayılmasının qarşısını almaq məqsədilə onların istifadə etdikləri kompüterlərə və digər texniki vasitələrə qanun çərçivəsində nəzarət həyata keçirilir:
"Bu nəzarətin həyata keçirilməsi ilə bağlı şərtlər işçinin bağladığı əmək müqaviləsində də qeyd olunur. Belə ki, işçinin üzərinə həmin məlumatları yaymamaq öhdəliyi qoyulur. Lakin bu nəzarətin də müəyyən hədləri var. Nəzarət şəxsin şəxsi həyatına müdaxilə həddinə çatmamalıdır. Yəni bu mexanizmlər yalnız işlə bağlı peşə, kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Başqa sözlə, nəzarət müəyyən olunmuş çərçivəni aşmamalıdır".


