Fermentasiya olunmuş məhsulların qida rasionuna daxil edilməsi bağırsaq mikrobiomuna müsbət təsir göstərə bilər. Turş kələm də bu məhsullar sırasında yer alır və tərkibində həzm sistemini dəstəkləyə bilən canlı mikroorqanizmlər ola bilər.
Demokrat.az xəbər verir ki, diyetoloqlar turş kələmin günün konkret hansı saatında yeyilməsinin daha faydalı olduğuna dair kifayət qədər elmi sübutun olmadığını bildirirlər. Diyetoloq Qabriel Palmerinin sözlərinə görə, əsas məsələ məhsulun hansı saatda qəbul edilməsi deyil, onun müntəzəm şəkildə qidalanmaya daxil edilməsidir.
Mütəxəssislər qeyd edirlər ki, elmi araşdırmalarda daha çox fermentasiya olunmuş məhsulların növü, qəbul miqdarı və istifadə tezliyi araşdırılıb. Belə qidaların tərkibində fermentasiya prosesi nəticəsində yaranan bəzi faydalı birləşmələr, o cümlədən qısa zəncirli yağ turşuları olur. Bunların bağırsaqdakı faydalı bakteriyaların fəaliyyətini dəstəkləyə biləcəyi qeyd edilir.
2022-ci ildə dərc olunan icmalda fermentasiya olunmuş məhsulların müntəzəm qəbulunun bağırsaq mikrobiomuna təsir göstərə biləcəyi vurğulanıb. Digər kiçik klinik araşdırmada isə 10 həftə ərzində belə məhsullarla zəngin qidalanan insanlarda bağırsaq mikrobiomunun müxtəlifliyinin artdığı və iltihab göstəricilərinin azaldığı müşahidə edilib.
Diyetoloqlar turş kələmlə yanaşı, qatıq, kefir, kimçi və miso kimi fermentasiya olunmuş məhsulların da rasiona əlavə edilməsini tövsiyə edirlər. Turş kələmi ət yeməkləri, taxıl məhsulları, sendviç və müxtəlif salatlarla birlikdə istifadə etmək mümkündür.
Lakin fermentasiya olunmuş qidalara yeni başlayanlara məhsulları birdən-birə çox miqdarda qəbul etməmək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, bəzi insanlarda bu cür qidalar ilk mərhələdə qaz və qarında köp yarada bilər. Buna görə onları az miqdardan başlayaraq tədricən rasiona daxil etmək daha məqsədəuyğundur.
Jalə


