Çay süfrəsi üçün həm asan hazırlanan, həm də uzun müddət yumşaqlığını qoruyan desert axtaranlar üçün almalı kəsmikli peçenye yaxşı seçim ola bilər. Zərif xəmirə alma və darçın əlavə edilməsi ona meyvəli piroqu xatırladan xüsusi dad verir.
Demokrat.az xəbər verir ki, resepti kulinariya bloqeri və şirniyyat ustası Alina Tsimbalista paylaşıb. Onun sözlərinə görə, bu peçenye yumşaq, ətirli və zərif alınır, ertəsi gün də təravətini itirmir.
Lazım olan ərzaqlar:
- 450 qram alma
- 400 qram kəsmik
- 350 qram un
- 2 yumurta
- 80 qram kərə yağı
- 100 qram şəkər
- 10 qram vanil şəkəri
- bir çimdik duz
- 12 qram qabartma tozu
Üzəri üçün isə 4 xörək qaşığı şəkər və 2 xörək qaşığı üyüdülmüş darçın qarışdırılır.
Əvvəlcə sobanı 180 dərəcəyə qədər qızdırmaq lazımdır. Əridilmiş kərə yağı kəsmik, şəkər, vanil şəkəri və duzla qarışdırılır. Daha sonra yumurtalar əlavə edilərək kütlə yaxşıca qarışdırılır. Qabartma tozu ilə qarışdırılmış un tədricən əlavə olunur və yumşaq xəmir yoğrulur.
Almaların qabığı və toxumları təmizlənərək kub formasında doğranır və xəmirə əlavə edilir. Xəmirdən təxminən 20 ədəd peçenye hazırlanır. Hər biri şəkər-darçın qarışığına batırıldıqdan sonra perqament sərilmiş soba listinə düzülür.
Peçenyelər 180 dərəcədə təxminən 40 dəqiqə bişirilir. Onları həm isti, həm də soyuduqdan sonra süfrəyə vermək olar.
Hazır peçenyeləri uzun müddət saxlamaq istəyənlər üçün daha bir variant da var. Bişirilməmiş formada hazırlanan məmulatları dondurucuda təxminən üç ay saxlamaq mümkündür. Bişirməzdən əvvəl onları əritməyə ehtiyac yoxdur - birbaşa sobaya qoymaq olar.
Jalə


