Kriminal Özəl

"Mənim boşandığımı bilirdi, mən də onun 13 yaşının olduğunu bilmişəm"

Mənim boşandığımı bilirdi, mən də onun 13 yaşının olduğunu bilmişəm

Zərdabda 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəki şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad yetkinlik yaşına çatmayan Leylanı (adlar şərtidir – red.) 2024-cü ilin dekabr ayının sonlarında fərdi sahibkar Telmana məxsus, Zərdab rayonunun qəsəbəsində yerləşən maldarlıq fermasındakı yaşadığı fərdi yaşayış evinə çağırıb. Orada yetkinlik yaşına çatmayan qızla intim hərəkətlər edərək ona qarşı əxlaqsız hərəkətlər törədib.

Bundan başqa, o, eyni əməli 2025-ci ildə də törədib. 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızı fermaya çağırıb və ona qarşı intim hərəkətlər edib.

Fuad barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Fuad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində Leylanın sinəsinə və bədəninin digər nahiyələrinə toxunmadığını bildirib. Onun sözlərinə görə, Leylanın 15 yaşının olduğunu düşünüb, onun 13 yaşında olduğunu bilməyib.

Fuad qeyd edib ki, Leylanın yaşı tamam olduqdan sonra onunla ailə həyatı qurmaq istəyib:

"Mən əvvəllər ailəli olub ayrılmışam. Leyla ilə görüşmək üçün hər hansı xüsusi vaxt təyin etməmişəm. Birinci dəfə onun ad günü zamanı ona hədiyyə verərək təbrik etdim. O da sağ ol demək üçün yanağımdan öpdü. İkinci dəfə isə Bakı şəhərindən gəldiyim üçün görüşdük. Həmin zaman öpüşdük. Leyla ilə öpüşən zaman fotoşəkillər çəkmişəm. Şəkildə onun boynunun nə üçün göyərdiyini bilmirəm. Mən onu ailə qurmaq məqsədilə qaçırmaq istəmişəm. Leylanı qaçırdıqdan sonra onunla ər-arvad kimi yaşamayacaqdıq, yaşı tamam olduqdan sonra onunla ailə həyatı quracaqdım. İkinci dəfə qeyd olunan hadisə zamanı Bakı şəhərində olmuşam və Leyla ilə görüşməmişəm. Törətdiyim əməldən peşman deyiləm. Çünki Leyla ilə ailə həyatı qurmaq niyyətində olmuşam".

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan sonuncu ifadəsi elan olunub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib və göstərib ki, atası Xəqani digər ailə üzvləri ilə birlikdə rayon sakini Telmana məxsus maldarlıq fermasında həm işləyir, həm də yaşayır:

"Ferma sahibi Telman fermasında bizə yaşamağa yer verdiyi üçün həmin fermada yaşayırıq. Özüm fəhlə işləməklə qazanc əldə edərək dolanışığımı təmin etmişəm. Fermada atamgildən başqa iki ailə də işləyir və orada yaşayır. Həmin ailələrdən biri də Leylanın babası və nənəsidir. Mən atamgilin yanına tez-tez gedib-gəlmişəm. Leylanı da oradan tanımışam. Əvvəllər Leylanı və qardaşını anasının, baba və nənəsinin istəyi ilə bir neçə dəfə məktəbə aparıb, sonra da evə gətirmişəm. Aramızda olan söhbətlərdən Leylanın nənəsinin mobil telefonunun həmişə onda olduğunu bilmişəm. Buna görə də Leyladan həmin mobil nömrəni öyrənmişəm. Leylaya qarşı ürəyimdə yaranmış sevgi hisslərini əvvəlcə ona deyə bilməsəm də, sonradan onunla danışmaq, bu barədə ona da xəbər vermək qərarına gəlmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin dekabr ayının əvvəllərində Leylaya mesaj yazaraq ondan xoşu gəldiyini, tanış olmaq istədiyini bildirib:

"Leyla mənimlə razılaşandan sonra onunla mütəmadi olaraq "WhatsApp" proqramı vasitəsilə yazışmağa başladıq. Həmin ilin dekabr ayının sonlarında məndə yaranmış cinsi ehtirasa görə Leylaya görüşmək istədiyimi bildirdim. Aramızda belə razılaşdıq ki, Leyla hava qaralandan sonra bizim evə gəlsin. Beləcə, onun bizə gəldiyini heç kəs görməyəcəkdi. Ona anamgilin evdə olmadığını, evdə tək olacağımı da dedim. Həmin gün gecə saat 01 radələrində Leyla evdə babasıgilin yatdığını bildirdi və bizə gəldi. Bir saat ərzində yatağın üzərində uzandıq və ancaq öpüşdük. Bu zaman əllərimlə sinəsinə və bədəninin müxtəlif yerlərinə toxundum. Sinəsinə toxunduqca onun ehtiraslandığını hiss etdim. Amma həmin vaxt cinsi əlaqədə olmadıq".

Fuadın sözlərinə görə, sonrakı vaxtlarda da onunla mütəmadi olaraq yazışıb:

"Aramızdakı yazışmalarda tez-tez görüşlərimiz və öpüşməyimizin xoşumuza gəlməsi barədə danışdıq. Mən Leylanı, o da məni sevib. O, mənim evli olub boşandığımı, üç övladımın olduğunu bilib. Mən də onun 13 yaşının olduğunu bilmişəm. Mən Leylanı sevmişəm və 18 yaşım tamam olan kimi onunla evlənməyi planlaşdırmışam. Leyla ilə danışanda ona sahib çıxacağımı, yaşı tamam olan kimi nikaha girəcəyimizi dedim".

Fuad qeyd edib ki, Leyla ilə növbəti dəfə 2025-ci ildə, gecə saat 01 radələrində yenə atasıgilin fermada yaşadığı evdə görüşüblər: "Valideynlərim yenə evdə olmayıb. Biz yataqda uzanaraq bir saata yaxın vaxt ərzində öpüşdük. Keçən dəfə etdiyimiz hərəkətləri davam etdirdik".

İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, Fuadla Zərdab rayonunda yerləşən fermada tanış olub. O bildirib ki, təqsirləndirilən şəxslə arasında sevgi münasibətləri olub və onlar sevgili olublar: "Mən nənəmə məxsus mobil telefonla "WhatsApp" tətbiqində Fuadla yazışmışam. Nənəmin mobil telefonundan başı çıxmadığı üçün yazışmalarımı görməyib. Mən Fuadla ümumilikdə iki-üç dəfə fermadakı evdə görüşmüşəm. Görüşən zaman ehtiraslı hərəkətlər etmişik".

Leyla qeyd edib ki, Fuadın ailəli olub boşanması və uşaqlarının olması barədə məlumatı olub. Onun sözlərinə görə, Fuad onunla ailə qurmaq niyyətində olub və onun neçə yaşında olduğunu bilməyib.

Leyla bildirib ki, Fuadla qaçan zaman yolda yol polisi əməkdaşı onların avtomobilinə yaxınlaşaraq hara getdiklərini soruşub və onları getdikləri yerə apara biləcəyini bildirib: "Biz isə özümüz gedəcəyimizi dedik. Fuad məni məktəbə aparsa da, neçənci sinifdə oxuduğumu bilməyib. Mənim evlənmək üçün yaşım az olub. Biz birlikdə qaçaraq Bakı şəhərinə getmək fikrimiz olub".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad 2 il müddətinə dövlət və qeyri-dövlət müəssisələrində təhsil və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib, ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

Editor
Redaktor