İdman Özəl

Anasına görə rəqibinin üstünə hücum çəkdi - "Zenit"in ulduzundan sərt sözlər

Anasına görə rəqibinin üstünə hücum çəkdi - Zenitin ulduzundan sərt sözlər

Rusiyanın "Zenit" klubunun hücumçusu Aleksandr Sobolev "Axmat"ın futbolçusu Kalidu Sidibe ilə yaşadığı münaqişəyə münasibət bildirib. O, matç zamanı emosiyalarını cilovlaya bilmədiyinə görə üzr istəsə də, rəqibinin anası haqqında dediyi sözləri qəbuledilməz hesab etdiyini vurğulayıb.

Demokrat.az xəbər verir ki, Sobolev bu barədə "Matç TV"yə açıqlamasında danışıb.

"Onun nə dediyini təkrarlamaq istəmirəm. Amma əgər özündə bir az da olsa kişilik varsa, qoy bunu hamının qarşısında desin ki, mənim niyə belə davrandığım aydın olsun. Duyğuların təsiri altında, yəqin ki, hər kəs belə reaksiya verərdi. Əgər deyilənlər sübuta yetirilsə, belə insanları uzun müddət futboldan kənarlaşdırardım", – deyə hücumçu bildirib.

Məlumata görə, Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən görüşün sonlarında Sidibe Sobolevin 2020-ci ildə vəfat etmiş anası haqqında təhqiramiz ifadələr işlədib. Bundan qəzəblənən "Zenit"in futbolçusu rəqibinin arxasınca qaçaraq onunla dalaşmağa cəhd edib. Matçın yayımı zamanı Sobolevin dodaqlarının hərəkətindən onun söyüşlər işlətdiyini də görmək mümkün olub.

Qarşılaşmadan sonra Sidibe Sobolevin yaşadığı itkidən xəbərsiz olduğunu bildirərək ondan üzr istəmək istəyib. Lakin "Zenit"in hücumçusu onu dinləməkdən imtina edib.

Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Zenit"in heyətində Maksim Qluşenkov və Con Con fərqlənib. "Axmat"ın qollarını isə Məhəmməd Konate və Leçi Sadulayev vurub. Daha bir topu "Axmat"ın futbolçusu Arsen Adamov öz qapısına göndərib.

Jalə