Türkiyənin İstanbul şəhərində 15-ci "Sığorta Həftəsi" çərçivəsində 5-ci Beynəlxalq Sığorta Zirvəsi keçirilir.
Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və ölkəmizdə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərinin rəhbər şəxslərindən ibarət geniştərkibli nümayəndə heyəti beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir.
"Riskdən dayanıqlığa: COP31 yolunda sığorta" mövzusuna həsr olunan zirvə toplantısında dünyanın 20-yə yaxın ölkəsindən maliyyə və sığorta sektorunu tənzimləyən qurumların rəsmiləri, sığorta birliklərinin nümayəndələri və sahə üzrə mütəxəssislər iştirak edirlər.
Nümayəndə heyətində iştirak edən şirkətlər arasında "Qala Həyat" Sığorta Şirkəti ASC və Qala Sığorta da yer alır.
Tədbir çərçivəsində sığorta sektorunun dayanıqlılığının gücləndirilməsi, risklərin idarə olunması və iqlim dəyişiklikləri ilə bağlı çağırışlar fonunda sığortanın rolu kimi məsələlərin müzakirəsi üçün beynəlxalq əməkdaşlıq imkanları ön plana çıxır.


