Türkiyənin Kanal D telekanalının yeni serialı "Karakuyu" ilə bağlı diqqətçəkən paylaşım edilib.
Demokrat.az xəbər verir ki, serialın rəsmi X hesabı baş rollardan birini canlandıran Özge Törerin yer aldığı afişa yayımlayıb. Afişada digər baş rol ifaçısı Onur Tunanın yer almaması diqqət çəkib.
"Kuruluş Osman" serialında Bala Hatun obrazı ilə tanınan Özge Törer "Karakuyu"da Ferda adlı obrazı canlandıracaq. O, ekran işində Onur Tuna ilə tərəf müqabili olacaq. Serialın çəkilişlərinə isə qısa müddət əvvəl başlanılıb.
"Karakuyu"nun süjetində keçmişindən uzaqlaşaraq yeni həyat qurmağa çalışan Ferda adlı qadının hekayəsindən bəhs edilir. Gözlənilmədən miras alması onu doğulub böyüdüyü torpaqlara qayıtmağa məcbur edir.
Serialın kulislərindən yayılan məlumatlara görə, Ferda əslində illər əvvəl ailəsi tərəfindən quyuya atılaraq öldüyü düşünülən Fikriyedir. Yeni kimliklə geri qayıdan qadın keçmişdə yaşananların hesabını çəkməyə hazırlaşır. Onun yolu Kahramanla kəsişir və tərəflər arasında həm güclü münasibət, həm də ciddi qarşıdurma yaranır.
Onur Güvenatamın prodüserliyi ilə OGM Pictures tərəfindən hazırlanan serialın ssenarisini Deniz Akçay yazır, rejissoru isə Nezaket Coşkundur. Ekran işində Sermiyan Midyat, Uğur Uzunel, Yaren Yapıcı, Cenan Çamyurdu və digər aktyorlar da rol alır.
Qeyd edək ki, Kanal D "Karakuyu"nun yayım tarixini hələ açıqlamayıb. Afişanın təqdim edilməsindən sonra serialın ilk tanıtım videosunun nə vaxt yayımlanacağı da maraq doğurur.
Jalə


