Cəmiyyət

Uzun illərin evliliyi niyə dağılır? – Yeni rəqəmlər

Uzun illərin evliliyi niyə dağılır? – Yeni rəqəmlər

Azərbaycanda 20 il və daha artıq evli olan cütlüklər arasında boşanmaların sayı 2021–2025-ci illərdə təxminən 35 faiz artıb. 2021-ci ildə bu kateqoriya üzrə 1 987 boşanma qeydə alındığı halda, 2025-ci ildə göstərici 2 681-ə yüksəlib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin son beş ildə boşanmaların sayı və nikah müddəti ilə bağlı saytımızın sorğusuna cavabında yer alıb.

Məlumatlar göstərir ki, boşanmalar yalnız yeni qurulan ailələrdə baş vermir. Uzun illər birgə yaşayan cütlüklər arasında da ayrılıqların sayı artır. Belə ki, 20 il və daha artıq davam edən nikahların pozulması 2021-ci illə müqayisədə 694 hal çoxalıb.

2025-ci ildə boşananlar arasında ən böyük qrupu 10–19 il nikahda olan cütlüklər təşkil edib. Ötən il bu müddət ərzində evli olmuş 7 354 cütlük ayrılıb. Onların payına ümumi boşanmaların təxminən 35,6 faizi düşüb.

Evliliyin ilk illərində ayrılanların sayı da az deyil. 2025-ci ildə 5 795 cütlük nikahın ilk beş ili ərzində boşanıb. Bu isə ötən il qeydə alınan hər dörd boşanmadan birindən çoxunun evliliyin ilk beş ilinə təsadüf etdiyini göstərir.

Son beş ilin ümumi statistikasında ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il ölkədə 21 688 boşanma olub. Sonrakı illərdə azalma müşahidə edilib və 2025-ci ildə bu rəqəm 20 675 təşkil edib. Beləliklə, boşanmaların ümumi sayı 2023-cü illə müqayisədə 1 013 hal və ya təxminən 4,7 faiz azalıb.