Azərbaycanda 2025-ci il ərzində 5751 estetik əməliyyat həyata keçirilib. Ən çox üstünlük verilən əməliyyat rinoplastika olub. Bununla yanaşı, üz nahiyəsinin cavanlaşdırılması, göz qapağı və süd vəzisi əməliyyatları da geniş yayılıb. Rəqəmlər ölkədə estetik və plastik cərrahiyyə xidmətlərinə tələbatın yüksək olduğunu göstərir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatların özünəinamı təsiri insanın bu qərarı hansı səbəbdən verməsindən və nəticədən nə gözləməsindən asılıdır:

"Xarici görünüşündə onu narahat edən müəyyən xüsusiyyətin dəyişdirilməsi bəzi insanlarda məmnunluğu artıra, sosial münasibətlərdə özünü daha rahat hiss etməsinə kömək edə bilər. Ancaq estetik əməliyyatın hər kəsdə özünəinamı yüksəldəcəyini və özünüqiymətləndirmə problemlərini həll edəcəyini söyləmək düzgün olmaz. Burada özünəinamla özünüqiymətləndirməni fərqləndirmək vacibdir. İnsan görünüşündəki dəyişiklikdən sonra kamera qarşısında və ya insanların arasında özünü daha rahat hiss edə bilər. Lakin özünü dəyərli hiss etməsi yalnız görünüşlə bağlı deyil. İnsanın bacarıqları, münasibətləri, həyat təcrübəsi və özünə münasibəti də burada mühüm rol oynayır. "Görünüşüm dəyişsə, bütün həyatım düzələcək" gözləntisi isə əməliyyatın nəticəsindən asılı olmayaraq məyusluq yarada bilər".
Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə filtrli görüntülər, ideal görünüş nümunələri və davamlı müqayisə insanın özünə münasibətinə təsir edə bilər:
"İnsan bəzən öz görünüşünü real həyatda qarşılaşdığı insanlarla deyil, seçilmiş və redaktə edilmiş görüntülərlə müqayisə edir. Ona görə də qərar verməzdən əvvəl özünə belə bir sual verməsi faydalıdır:
"Mən bu dəyişikliyi öz istəyimlə edirəm, yoxsa başqalarının təsdiqini qazanmağa çalışıram? Estetik əməliyyat istəyən hər kəsdə psixoloji problem olduğunu düşünmək də yanlışdır. Bu, şəxsi seçim ola bilər və həmin seçimə hörmətlə yanaşılmalıdır. Bununla belə, görünüşlə bağlı narahatlıq insanın gündəlik həyatına mane olursa, sosial münasibətlərdən uzaqlaşmasına səbəb olursa və ya təkrar müdaxilələrə baxmayaraq narazılıq davam edirsə, psixoloji qiymətləndirmə əhəmiyyətlidir. Belə hallarda narahatlığın səbəbini aydınlaşdırmaq lazımdır. Estetik müdaxilə ilə bağlı qərar verilərkən tibbi uyğunluqla yanaşı, insanın motivasiyası və gözləntiləri də nəzərə alınmalıdır. Şəxs qərarını təzyiq altında verməməli, mümkün nəticələr və məhdudiyyətlər barədə məlumatlı olmalıdır. Ehtiyac olduqda psixoloqla konsultasiya insanın öz istəyini və gözləntilərini daha aydın anlamasına kömək edə bilər. Cəmiyyət olaraq insanların görünüşünü davamlı qiymətləndirən, yaşlanmanı və təbii fərqlilikləri qüsur kimi təqdim edən münasibəti də dəyişməliyik. İnsanın özünü dəyərli hiss etməsi üçün daim görünüşünü dəyişməyə ehtiyac duymaması sağlam özünüqiymətləndirmənin mühüm göstəricisidir. Estetik dəyişiklik şəxsi seçim ola bilər, amma insanın dəyərinin ölçüsünə çevrilməməlidir".


