Son illər ailə münasibətlərində baş verən dəyişikliklər tərəflərin bir-birinə münasibətində də özünü göstərir. Ailədə ünsiyyətin zəifləməsi, qarşılıqlı anlayış və hörmətin azalması bəzən mübahisələrin daha da dərinləşməsinə, hətta kobud rəftar hallarının artmasına səbəb olur. Bu isə ailə institutunda dəyərlərin və münasibətlərin necə dəyişdiyi ilə bağlı məsələni gündəmə gətirir.
Psixoloq Aytən Ələkbərova Demokrat.az-a açıqlamasında söyləyib ki, ailə dəyərlərində baş verən dəyişikliklər təbiidir:

"İlk olaraq ailədəki münasibətlərin pozulmasına gətirib çıxarır, əgər bu dəyişikliklər ailə daxilində kobud münasibətlərə səbəb olan tərəfdən qiymətləndirilirsə. Yəni dəyərlərin dəyişməsindən, dəyərlərin artıq səviyyəsinin aşağı salınmasından təbiidir ki, ilk olaraq boşanmaya, ayrılığa münasibət dəyişir. Birbaşa ailəni qorumaq naminə əvvəllər dözülən bəzi davranışların indi qəbuledilməz hesab edildiyini görürük. Nişanlı cütlüklərdə belə toksik münasibətlər artıq buradan başlayır. Bir oğlanın tələbinə uyğun olaraq, oğlan, məsələn, maddi resurslarını nəzərə alaraq hər gün restorana gedə bilmir və bunun üzərində qarşı tərəfdən müəyyən narazılıqlar yaranır. Biz deyə bilmərik ki, bu yaxşı deyil, gedək başqa bir yerə. Sanki bu, ümumilikdə bir virus kimi yayılıb. İşdən çıxdın, dərsdən çıxdın, mütləq başqa məkanlara getməlisən, orada yemək yeməlisən, daha sonra gəlməlisən, rəfiqələrinlə görüşməlisən və bunlar da getdikcə təbii olaraq ailə dəyərlərinin dəyişməsinə gətirib çıxarır. Burada ən çox problem dəyər fərqindən yaranmır. Sadəcə, insan öz dəyərini qarşı tərəfin dəyərindən üstün hesab edir və bu da birbaşa münasibətə təsir edir. Yəni qarşılıqlı anlaşma məsələsi… Baxın, son dövrlərdə müraciət edən cütlüklərdən, istər nişanlı olsun, istər ailə, inanın ki, bəlkə də beşindən üçü, dördü ayrılığı planlayıb gəlir. Çünki insanlar artıq yeniyetməlikdən "Mən kiməm?" kimi qeyri-müəyyən bir durumda olduqlarının öhdəsindən gələ bilmirlər. İnsan özü ilə münasibətini qura bilmədikdə qarşı tərəflə münasibətini də qura bilmir. Bu halda təbiidir ki, ailə dəyərləri də aşağı düşməyə başlayır. Çünki azadlıq, fərqli sərhədlər və müəyyən məqamlar var ki, sağlam münasibətin qalması üçün tərəflər bir-birinə "Kim haqlıdır?" sualını verməməlidir. Çünki bu sualı və iki ehtiyacı özlərindən nə qədər uzaqlaşdıra bilsələr, o zaman psixoloji baxımdan həqiqətən də hörmət, güvən, məsuliyyət və qarşılıqlı anlaşma formalaşa bilər".
Aytən Ələkbərova qeyd edib ki, biz bu anlaşmanı hətta bəzən "razılaşma üsulu" adlandırırıq:
"Məsələn, cütlüklər arasında sanki bir saziş bağlamağa doğru addımlayırıq. Bu məqamda belə hallar olur. Bu baxımdan gəlin, bu gün ailə dəyərlərində, evlilik gözləntilərinin dəyişməsinə baxaq. Artıq evlilik yalnız sosial vəzifə kimi deyil, eyni zamanda emosional yaxınlıq, insanların tərəfdaşlığı, qarşılıqlı münasibətləri və bir-birinə dəstəyi kimi qəbul olunur. Əvvəl biz düşünürdük ki, yalnız kişi maddi resursları təmin etməlidir. Amma indi artıq evlilik gözləntiləri dəyişdikcə ailə dəyərlərinə də bu yanaşma təsir edir. Artıq tərəflərdən bir-birinə dayaq olmaları, eyni zamanda maddi olaraq da bir-birinə kömək etmələri gözlənilir. Təbiidir ki, burada gender bərabərliyinə gedildiyi zaman artıq "Kişi üstünəm" düşüncəsi aşağı düşür. Bu da heç istəməzdim. Çünki biz hər zaman atalarımızdan, babalarımızdan onların evi idarə etməsini, ailəyə qarşı məsuliyyətini və dəyərini görmüşük. Halbuki bugünkü dəyərlərin dəyişməsi bəzən elə məhz boşanmaların da sayının artmasına gətirib çıxarır".


