Maraqlı

50 yaşdan sonra əlləri cavan göstərən manikür - FOTO

50 yaşdan sonra əlləri cavan göstərən manikür - FOTO

Baxımlı əllər istənilən yaşda qadın obrazının mühüm hissəsi olaraq qalır. 50 yaşdan sonra isə manikür və onun üçün lak rəngini düzgün seçmək xüsusilə vacibdir. Həddindən artıq tünd və ya parlaq rənglər dəridə yaşla bağlı dəyişiklikləri daha qabarıq göstərə bilər. Açıq və təbii tonlar isə əllərin vizual olaraq daha təravətli görünməsinə kömək edir.

Demokrat.az xəbər verir ki, stilistlər zərif çəhrayı, pudra, pastel, krem və nude tonlara diqqət yetirməyi tövsiyə edirlər. Rəng seçərkən dəri tonunu nəzərə almaq lazımdır. Çünki yaş artdıqca dəri nazikləşir və piqment ləkələri daha qabarıq görünə bilər.

Stilistlərin sözlərinə görə, ən uğurlu variantlardan biri milky rose, yəni südlü-çəhrayı rəngdir. Yarı şəffaf südlü-çəhrayı çalar yetkin yaşda əllərdə xüsusilə uğurlu görünür. Belə manikür təbii və səliqəli təsir bağışlayır, kəskin kontrast yaratmır.

Bu variant demək olar ki, istənilən obrazla uyğunlaşır və həm açıq, həm də qarabuğdayı dəridə yaxşı görünür. Təsadüfi deyil ki, Monika Belluççi, Nikol Kidman və Cennifer Eniston da bu tip manikürə üstünlük verirlər.

Digər uğurlu variant pudra-çəhrayı nude rəngidir. Bu çalar dərinin rəngini vizual olaraq bərabərləşdirir, sarılığı və piqmentasiyanı gizlədir, həmçinin yüngül parlaqlıq effekti yaradır. Bundan əlavə, açıq rəngli lak barmaqları vizual olaraq daha uzun göstərir, çünki dırnaqla dəri arasındakı sərhəd daha az nəzərə çarpır.

Aydın sarı və ya narıncı alt tonlu laklardan isə uzaq durmaq daha yaxşıdır. Belə rənglər piqment ləkələrini və digər dəri qüsurlarını daha qabarıq göstərə bilər.

Cavanlaşdırıcı effekt yalnız rəngdən asılı deyil. 50 yaşdan sonra dırnaqların kiçik və ya orta uzunluqda olması daha məqsədəuyğundur. Yumşaq oval və ya bir qədər yumrulaşdırılmış kvadrat forma ən zərif görünən variantlardır.

Belə forma açıq, təbii çalarla birləşdirildikdə manikürü yüngül və səliqəli göstərir, əllərin isə vizual olaraq daha baxımlı görünməsinə kömək edir.

50 yaşdan sonra əlləri cavan göstərən manikür - FOTO

Jalə