Yol-nəqliyyat hadisələrində qəzanın baş verməsinə kimin səbəb olduğu hüquqi məsuliyyətin müəyyənləşdirilməsi baxımından əsas məsələlərdən biridir. Bəzi hallarda sürücü yol hərəkəti qaydalarına əməl etsə də, piyadanın qaydanı pozması qəzanın baş verməsinə səbəb ola bilər.
Bəs belə vəziyyətdə sürücünün hüquqi məsuliyyəti necə müəyyən edilir və piyadanın qayda pozuntusu qəzanın nəticələrinə necə təsir göstərir?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün ilkin araşdırma aparılır və avtotexniki ekspertiza təyin olunur.

Onun sözlərinə görə, iş materialları ekspertizaya təqdim olunur və ekspert tərəfindən deməli, təqdim olunmuş sənədlər, o cümlədən plan-sxem əsasında rəy verilir:
"Və həmin rəydə hadisəyə görə kimin günahkar olması, ərazidə olan sürətin müəyyən olunması, o cümlədən sürücü tərəfindən hadisənin qarşısının alına bilinməsi və piyadanın həmin avtoqəzaya səbəb olması bütün detalları ətraflı şəkildə göstərilir. Əgər müəyyən olunsa ki, burada sürücü deyil, piyada günahkardır, belə olan təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən ona deməli, inzibati qaydada protokol tərtib oluna bilər. 338.1.1-ə görə piyada əgər svetoforun qadağanedici nişanından keçirsə, əlavə olaraq məsəlçün nəqliyyat vasitəsinin qarşısına birdən çıxırsa, yəni qəflətən çıxırsa və o cümlədən deməli, xüsusi qırmızı-göy sayrışan işığı olan nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsini tərk etmirsə o, ona 20 manat məbləğində cərimə yazılır.
İnzibati Xətalar Məcəlləsinin 338.2-1-ci maddəsinə əsasən piyadalar avtomagistralda, ümumiyyətcə 80 km və daha üzəri hərəkət sürəti müəyyən olunmuş yollara çıxmasına görə, oradan yolu keçməsinə görə 40 manat məbləğində cərimə oluna bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə görə sərnişinlər nəqliyyat vasitəsinə minib-düşmə qaydalarını pozmasına görə, təhlükəsizlik kəmərini bağlamamağına görə 30 manat məbləğində cərimə deməli, onlara tətbiq oluna bilər. Baş vermiş avto-nəqliyyat hadisəsi nəticəsində avtomobilə piyadanın təqsiri ucbatından maddi zərərin dəyməsinə görə isə ayrıca mülki qaydada iddia qaldırılır və vurulmuş zərər tələb olunur."


