Saatlı şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsinin ilkin səbəbi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama və hadisənin anbaan görüntüsünü yayıb.
Qeyd olunub ki, oktyabrın 7-si saat 20:45-də Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən idarəetməni itirərək maşını əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpıb.
Qəza nəticəsində avtomobilində olan sərnişinlər - sürücünün anası və yeddi yaşlı bacısı xəsarət alıblar. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdikləri istənilən qayda pozuntusunun hər an iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.


