Siyasət

Sadır Japarov Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edib

Sadır Japarov Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edib

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edir.

O, bu barədə Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Onun sözlərinə görə, elektron ticarətin dəstəklənməsi və inkişafı dünya iqtisadiyyatının ən dinamik inkişaf edən istiqamətlərindən biridir:

"Vətəndaşlarımız üçüncü ölkələrdən mallar əldə etmək üçün beynəlxalq elektron ticarət platformalarından fəal şəkildə istifadə edirlər. Bununla əlaqədar Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edirik".

O qeyd edib ki, belə bir platforma istehlakçıların və biznesin region ölkələrində istehsal olunan mallara daha geniş çıxışını təmin edəcək.

"Hər bir ölkənin unikal milli məhsullarını nəzərə alaraq, bu platforma geniş çeşidli regional məhsulları birləşdirə və onların tanıdılması üçün yeni imkanlar yarada bilər", - Qırğızıstan Prezidenti əlavə edib.

Onun sözlərinə görə, məsələn, Astana və ya Daşkənd sakini bir neçə kliklə ekoloji cəhətdən təmiz qırğız dağ balını onlayn ödəniş vasitəsilə ala biləcək.

Japarov vurğulayıb ki, elektron ticarətin inkişafı müvafiq logistik infrastrukturun formalaşdırılması ilə müşayiət olunmalıdır, o cümlədən çatdırılma, anbarlaşdırma, gömrük rəsmiləşdirilməsi və malların izlənilməsi mexanizmləri daxil olmaqla. (report)