Son dövrlərdə avtobus sürücüləri ilə sərnişinlər arasında müxtəlif səbəblərdən yaranan mübahisələr gündəlik nəqliyyatın əsas problemlərindən biri kimi diqqət çəkir. Sərnişinlərin davranışı, sürücülərin iş şəraiti və qarşılıqlı hörmət məsələsi bu münasibətlərdə mühüm rol oynayır.
Bəs sürücü ilə sərnişin arasında münasibətlər necə tənzimlənməli, tərəflərin hüquq və vəzifələri arasında balans necə qorunmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, belə halların qarşısının alınması üçün, əslində, sadə qayda var.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabinetinin 141 saylı qərarında avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları müəyyənləşdirilib:
"Həmin qaydalarda həm avtobus sürücüsünün nə etməli olduğu, həm sərnişinlərin nə etməli olduğu, həm də nə etməməli olduğu, yəni sərnişinlərə nələrin qadağan edildiyi ilə bağlı normalar var. Hər iki tərəf həmin normalara riayət etməlidir. Yəni hər şey qanunvericiliklə tənzimlənir. Üstəlik, ictimai davranış qaydaları var, ictimai yerlərdə mədəni və etik davranış normaları var. Hər iki tərəf bunlara da riayət etməlidir. Birincisi, qeyd etdiyim qaydalarda yazılan normalardır ki, bunlar hüquq normalarıdır. Digəri isə əxlaq və mənəviyyat normalarıdır, insani münasibətləri qoruyub saxlamaq üçün nəzərdə tutulan normalardır. Bunlara riayət olunsa, heç vaxt belə insidentlər, belə xoşagəlməz hallar baş verməz. Sadə düstur budurki, hər kəs öz vəzifəsini yerinə yetirməlidir və etməməli olduğunu etməməlidir. Qaydalar da nə deyir? Avtobusun sürücüsü avtobusu təhlükəsiz şəkildə, qaydalara uyğun idarə etməli, yollarda hərəkət qrafikinə riayət etməlidir. Sərnişinlərlə münasibətdə etik davranış qaydalarına riayət etməlidir. Eynən sərnişin də öz üzərinə düşən qaydalara əməl etməlidir. Sərnişin avtobusa mindi, avtobusdan düşdü, avtobusda yerini tutdu, ödənişini etdi və s. Digər sərnişinlərə mane olmamalıdır, sürücüyə mane olmamalıdır. Əgər özü ilə, tutaq ki, əl yükü varsa, o əl yükünü qaydasında daşımalıdır və s. Bunlara riayət olunarsa, əlavə problemlər çıxmayacaq.
Bizim əsas problemlərimizdən biri odur ki, bu gün Azərbaycanda, xüsusən də Bakıda avtobus sürücüsü sadəcə avtobus idarə etmir. Dünyanın hər yerində belə bir yanaşma var. Hətta bizim qanunvericilikdə də, bax, o dediyim qaydalarda da əsas tələb budur ki, avtobus sürücüsünün əsas vəzifəsi avtobusu idarə etməkdir və bunu qrafikə uyğun, dəqiq yerinə yetirməlidir. Amma diqqətlə baxsaq, görərik ki, avtobus sürücüsü həm kassirdir, həm nəzarətçidir, bəzi hallarda bələdçidir və s. O vəzifələrin də bəzilərinin öhdəsindən gələ bilmir. Bəzən bəzi sürücülər, təbii ki, hamısı deyil, yol hərəkəti və davranış qaydalarını kobud şəkildə pozurlar. Məsələn, sükan arxasında siqaret çəkirlər, sükan arxasında telefonla danışırlar. Sərnişinlərin müraciətləri olanda, məsələn, kimsə hansısa ünvanı soruşanda, verdikləri cavablar xoşagəlməz olur və s. Eyni məsələləri bəzi sərnişinlər barəsində də demək olar. Görürsən, müraciət edəndə lüzumsuz intonasiya və ya tərzdə danışırlar, lazımsız suallar verirlər və yaxud lazım olmayan məsələlərə sürücüləri cəlb etməyə çalışırlar. Nəticədə həmin konflikt yaranır. Məsələn, qanun qadağan edir: avtobusda siqaret çəkmək olmaz, telefonla danışmaq olmaz.
Ümumiyyətlə, dünyanın hər yerində belədir, avtobus sürücüsü minimal dərəcədə sərnişinlərlə ünsiyyətdə olmalıdır. Kimsə soruşdusa, məsələn, hara gedir və s., belə suallara qısaca cavab verməlidir. Amma təkrar edirəm, sürücünün üzərinə vəzifə qoyanda ki, sən həm də kassirsən, nəzarət et ki, ödənişi kim necə edir, həm də nəzarətçisən, kim nə ilə məşğuldur və s., belə olanda əlavə münasibətlər yaranır, əlavə suallar ortaya çıxır və bunlar da bəzən aqressiv mühit formalaşdıraraq sərnişinlərlə konfliktin yaranmasına gətirib çıxarır".
Ekspert əlavə edib ki, bundan ötrü hər kəs öz işini görməlidir:
"Dünyada belədir ki, avtobusa minərkən də, avtobusdan düşərkən də, bizdə əsasən minərkən ödəniş olunur, ödənişin edilməsinə nəzarət edən adamlar başqadır. Məsələn, Avropa ölkələrində, Rusiyada və Türkiyədə bu proses fərqli şəkildə təşkil olunur. Dayanacaqlarda nəzarətçilər avtobusa daxil olaraq sərnişinlərin ödəniş edib-etmədiyini yoxlayır, istifadə etdikləri ödəniş vasitəsini təqdim etmələrini xahiş edirlər. Bu vəzifə sürücünün üzərinə qoyulmur.
Və s. Belə olsa, hər şey qaydalar çərçivəsində olsa, onda mən düşünürəm ki, həmin problemlər yaşanmayacaq.
Bəzən də o konfliktin yaranmasına səbəb olur ki, avtobus vaxtında gəlmir, sərnişinlər uzun müddət dayanacaqda gözləyirlər, aqressivləşirlər. Ondan sonra bunun haradasa əvəzini sürücüdən çıxmağa çalışırlar. Əslində, ola bilsin, burada sürücünün də səhvi ola bilər, amma bu işin təşkilindəki problemlərin belə münasibətlərin pozulmasına gətirib çıxarması da mövcuddur. Yaxud da avtobus sürücüsü yol hərəkəti qaydalarını pozur, kobud rəftar edir, sərt tormoz verir, sərt manevrlər edir. Bu da münaqişəyə gətirib çıxarır. Görürsünüz, burada da yenə sürücünün səhvləridir ki, o, elementar yol hərəkəti qaydalarını pozdu, nəticədə sərnişinlərlə xoşagəlməz, aqressiv bir münasibət formalaşdı. Bu da bəzən həmin o dava-dalaşlara gətirib çıxarır".


