Nazirlər Kabineti "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, erkən evliliyə dair anlayış müəyyənləşib. Erkən evlilik uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq sayılacaq. Baş nazirin imzaladığı qərar sual doğurur. Çünki onsuz da uşaqla evlilik qanunvericilikdə yolverilməzdir.
O zaman nikah bağlamadan və ya bağlayaraq uşaqla erkən evlilik nə deməkdir? Yəni nikah bağlayaraq, uşaqla ailə qurmaq erkən evlilik sayılmayacaq?
Demokrat.az xəbər verir lki, mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb. Hüquqşünasın sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar, ilk növbədə, maarifləndirmə xarakteri daşıyır və mühüm əhəmiyyət kəsb edir: "Sadəcə, ictimaiyyət arasında və müxtəlif müzakirələr zamanı ciddi müzakirə predmetinə çevrilən bir məqam var və bəziləri bunun izahını istəyir. Mənim başa düşdüyüm məsələ belədir: 2.1.1-ci maddədə "erkən evlilik – uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq" kimi izah olunur. Bəziləri bunu "uşaqla nikah bağlamadan ailə qurmaq, ittifaq yaratmaq" kimi başa düşür. Əslində isə məsələ belə deyil. Burada erkən evliliyin tərkibində uşaqla istər rəsmi, istərsə də qeyri-rəsmi qaydada, yəni nikah bağlamadan yaradılan ittifaqdan söhbət gedir. "İttifaq" sözünün özündə də ailə-nikah münasibətlərinə daxil olmadan belə bir münasibətin yaradılması nəzərdə tutulur.
Yaxşı olardı ki, qərarda bu məqam bir qədər daha aydın ifadə olunardı. Lakin burada "nikah bağlamadan" ifadəsinin işlədilməsi təsadüfi deyil. Çünki qanunvericilik erkən yaşda nikah bağlanmasını qəbul etmir və buna yol vermir. Belə hallarda isə rayonlarda molla kəbini və digər adlarla qeyri-rəsmi ittifaqlar yaradılır. Bəzən ailələr arasında razılaşma əsasında da belə hallar baş verir. Məsələn, nikah yaşına çatmağa 6 ay və ya 1 il qalmış müəyyən bir ittifaq yaradılır, tərəflər ər-arvad münasibətlərinə girirlər, daha sonra isə yaşları tamam olduqda münasibətləri rəsmiləşdirməyə gedirlər. Ona görə də Baş nazirin qəbul etdiyi qərarda "erkən evlilik" anlayışının məhz "uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq" kimi izah edilməsi, əslində, doğrudur. Çünki məsələ burada düzgün qoyulub. Qanunvericilik onsuz da uşaqla nikah bağlanmasını qadağan edir. Söhbət isə qanunvericiliyin tələblərindən kənar şəkildə yaradılan bu cür ittifaqların qarşısının alınmasından gedir. Belə hesab edirəm ki, burada hər hansı anlaşılmazlıq yoxdur. Yaxşı olardı ki, bu məsələyə hüquqşünaslar da hüquqi baxımdan aydınlıq gətirsinlər".

Çingiz Qənizadə erkən evliliklərin qarşısının alınması üçün həm məsuliyyət mexanizmlərinin, həm də maarifləndirmə işinin gücləndirilməsinin vacib olduğunu bildirib: "Uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan belə ittifaqların qarşısının alınması üçün həm inzibati məsuliyyət mexanizmlərinin tətbiqi vacibdir. Bilirik ki, müəyyən hallarda valideynlərin də məsuliyyəti məsələsi gündəmə gəlir. Eyni zamanda, təbii ki, maarifləndirmə işinin genişləndirilməsinə böyük ehtiyac var. Ona görə də mən bu qərarda hər hansı ciddi anlaşılmazlıq görmürəm. Sadəcə, məsələ hüquqi dildə ifadə olunduğuna görə bəzi şəxslər tərəfindən 2.1.1-ci bənd düzgün başa düşülməyə bilər".


