Özəl

Salyanda kişi sevgilisini dişlədiyinə görə 5 aylıq cəzalandırıldı

Salyanda kişi sevgilisini dişlədiyinə görə 5 aylıq cəzalandırıldı

Salyan rayonunda 33 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Salyan rayonunun qəsəbələrindən birində baş verib. 1993-cü il təvəllüdlü Ramal qeyri-rəsmi münasibətdə olduğu Səbinə (adlar şərtidir – red.) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq və təpiklə vurmaqla, həmçinin dişləməklə ona xəsarətlər yetirib.

Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səbinəni təxminən 2 ilə yaxındır tanıyır, onunla qeyri-rəsmi münasibəti var:

"Səbinə digər qəsəbədə azyaşlı övladı ilə birlikdə yaşayır. Mən vaxtaşırı Səbinənin yaşadığı mənzilə gedirəm. Bizim aramızda heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmayıb. Münasibətlərimiz həmişə yaxşı olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 13 radələrində yaşadığı evdən çıxaraq Səbinənin yaşadığı qəsəbədə yerləşən binanın qarşısına gedib:

"Bu zaman Səbinənin yaşadığı binanın qarşısında olduğunu gördüm. Səbinəyə yaxınlaşdım və birlikdə mənzilə keçməyimizi dedim. Lakin Səbinə mənzilə girməyərək çöldə söhbət etməyi təklif etdi. Mən Səbinəyə qısqandığımı, heç kimlə əlaqə saxlamamasını dedim. O, mənə heç kimlə əlaqə saxlamadığını söylədi. Bu zaman bizim aramızda mübahisə yarandı. Mübahisə zamanı Səbinəyə əsəbləşdiyimə görə bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurdum. Sonra Səbinənin bədəninin müxtəlif nahiyələrinə bir dəfə yumruq və təpiklə vurdum. O isə məni itələyərək özündən aralamağa çalışdı. Bu zaman onun sağ və sol qol nahiyələrini dişlədim. Səbinə məni özündən aralayaraq yaşadığı mənzilə girdi. Mən də oradan aralandım".

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, Ramal ilə təxminən 2 ilə yaxındır qeyri-rəsmi olaraq yaşayırlar, münasibətləri əvvəllər normal olub, aralarında heç bir düşmənçilik və ədavət olmayıb:

"Lakin sonradan münasibətlərimiz pisləşdi. Buna səbəb Ramalın mütəmadi olaraq əsassız yerə mübahisələr yaratması olub. Sonuncu dəfə məlum hadisə günü, günorta saatlarında yaşadığım binanın qarşısında olan zaman Ramal mənə yaxınlaşdı. O, mənim yaşadığım mənzilə getmək istədi. Lakin ona evə getməməyi, çıxıb getməsini dedim. Amma Ramal heç bir yerə getməyəcəyini bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Ramal sifət nahiyəmə bir neçə dəfə yumruqla vurdu. Sonra isə bədənimin müxtəlif nahiyələrinə bir dəfə yumruq və təpiklə vurdu. Mən onu özümdən aralamağa çalışdım. Bu zaman o, mənim sağ və sol qol nahiyələrimi dişləməyə başladı. Mən yenə də Ramalı özümdən aralamağa başladım. Mən Ramalı çətinliklə də olsa, özümdən araladım və dərhal binaya girərək öz mənzilimə getdim".

Salyan Rayon Məhkəməsinin hökmü ilə Ramal 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramal bundan əvvəl də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı il tarixli qərar ilə "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilib.

Fariz Məlikli

R
Redaktor