Türkiyəli repçi Blok 3 (Hakan Aydın) İstanbulun Ataşehir rayonunda sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün məhkəməlik olub.
Demokrat.az xəbər verir ki, "Sabah"ın məlumatına görə, sənətçi Ataşehirdə keçirilən rutin yol nəzarəti zamanı saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Alkoqol testi zamanı isə qanda 1,14 promil alkoqol aşkarlanıb.
Vəsiqəsiz avtomobil idarə etdiyi üçün Blok 3-ə 23 min 437 türk lirəsi inzibati cərimə tətbiq edilib, avtomobili isə yol hərəkətindən kənarlaşdırılıb.
Hadisə ilə bağlı başlanılan araşdırma çərçivəsində repçiyə sərxoş halda avtomobil idarə etmə ittihamı ilə 8 ay həbs cəzası tələb olunub. Blok 3 iş üzrə "Seri Muhakeme Usulü"ndən yararlanmağa razılaşıb.
Bu prosedura əsasən təklif olunan cəzanı qəbul edən şəxsin cəzası 50 faiz azaldılır. Nəticədə repçinin 8 aylıq həbs cəzası 4 aya endirilib.
Bununla belə, onun məhkumluq vəziyyəti və maddi durumu nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Jalə


