Texnologiya

108 illik sirri süni intellekt açdı

108 illik sirri süni intellekt açdı

"OpenAI" şirkətinin GPT-6 Astra modeli Birinci Dünya müharibəsi dövrünə aid 108 il ərzində açılmamış alman hərbi şifrəsini deşifrə edib. Mesaj müharibənin sonlarına yaxın, 1918-ci ilin sonunda şifrələnərək göndərilib. Sirli mesaj Antanta qoşunlarının Krım yarımadasındakı hərəkətlərindən bəhs edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Wion" yazıb.

Ssüni intellekt aləti proqram təminatı tərtibatçısı Prinsin köməyi ilə mesajı deşifrə edib. Deşifrə olunmuş mətn Konstantinopoldan Sevastopola doğru hərəkət edən ingilis kreyserindən bəhs edir.

Alman hərbi rəsmiləri sözügedən gəmi və tezliklə bölgəyə çatmalı olan Antanta eskadrası barədə şifrəli məlumat göndəriblər.

Sirli kod

Almanların istifadə etdiyi əsas açar söz "TRUPPENVERSCHIEBUNG" olub. Bu söz "qoşunların yerdəyişməsi" mənasını verir. Şifrələmə 6×6 ölçülü cədvəldən istifadə edən ADFGVX adlı alman şifrəsi ilə həyata keçirilib. Sistemdə hərflər, 0-dan 9-dək rəqəmlər və gizli açar söz yer alır.

Deşifrə olunmuş mesaj belə səslənib:

"İngilis kreyseri [?] ayın 4-də Sevastopola çatdı, Antanta eskadrası ayın 26-da yaxınlaşır".

Mesaj Britaniya donanmasının gəmi jurnalları ilə müqayisə edildikdə məlumatlar HMS "Canterbury" kreyserinin qeydləri ilə tam uyğun gəlib. Bu, kreyserin Konstantinopoldan Sevastopola doğru hərəkət etdiyini təsdiqləyib.

Məlumata görə, ingilis kreyseri 1918-ci il noyabrın 24-də Sevastopola çatıb. İki gün sonra, noyabrın 26-da isə Antanta eskadrası bölgəyə gəlib.

Mesaj şifrənin rəsmi qüvvəyə minməsindən əvvəl göndərilib

Astra həmçinin sirli mesajın göndərilmə vaxtı ilə bağlı uyğunsuzluq aşkar edib. Neyron şəbəkə müəyyən edib ki, şifrənin açarı rəsmi olaraq 1918-ci il dekabrın 9-dan qüvvəyə minməli idi.

Lakin deşifrə edilən mesaj bundan bir neçə gün əvvəl – noyabrın 27-də göndərilib. Tarixçilər hələlik bu uyğunsuzluğun səbəbini müəyyən edə bilməyiblər.

ADFGVX kodlaşdırma üsulunda "ADFGVX" hərfləri altı sıra və altı sütunun kənarında yerləşdirilir. Hər sətirdə açar sözdən başlayan altı simvol olur. Sonuncu kod X və Y oxları üzrə uyğun qiymətlərin müəyyənləşdirildiyi cədvəl şəklində oxunur.

Prins bildirib: "Mənim bildiyimə görə, bu mesaj əvvəllər heç vaxt deşifrə edilməyib".

"OpenAI" GPT-6 Astra-nı "yadplanetli zəka" adlandırır və sistemin son dərəcə mürəkkəb olduğunu bildirir. Şirkətin iddiasına görə, böyük dil modelinin intellekti insan zəkasına olduqca yaxındır və sistem mürəkkəb tapşırıqları həll etmək qabiliyyətinə malikdir.

Jalə