Kriminal

"David Seliverstov"dan növbəti "şou" 90 min dolların izinə düşən polis müstəntiqinə meydan oxudu

David Seliverstovdan növbəti şou 90 min dolların izinə düşən polis müstəntiqinə meydan oxudu

Ağzı köpüklənir, kadra düşməyən ayaqları bəlkə də tir-tir əsir!

"David Seliverstov" təxəllüsü ilə xaricdə hoqqa çıxaran residivist Kazım Abbasov yenə "iş başındadır"! Süjet xətti isə dəyişməyib –90 min dollar almasını, 8 ay pulu "bəsləməsi" və geri qaytarmağa məcbur olanda ayaqyalın-başaçıq xaricə qaçıb və öz əməlini pərdələmək üçün "kamera arxası"na keçməklə həngamələr çıxarır.

Bizim "qəhrəman" Kazımbalaya bu ilin avqustunda ölkənin havası birdən-birə dar gəldi. Səbəb sadə idi – barəsində, kimliyi ilə bağlı və Müdafiə Nazirliyinin həbsdəki idarə rəisinin qardaşından 90 min dollar alması xəbəri hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilmişdi!

Və məqalə yayılandan sonra "dahi sənətkar" özünü tez xaricə çatdırdı. Lakin məsələ bununla bitmədi. Arxada qoyduğu izlərin üstü açılmasın deyə, xaricdə kamera qarşısına keçib ağzı köpüklənə-köpüklənə artistlik etməyə başladı.

Ssenari bəsitdir – səs-küy sal, günahsız obrazı yarat və real həyatdakı hoqqalarını vay-şüvənlə pərdələ!

Əslində nə baş verib?

Hadisələrin pərdəarxasına baxaq. Kazım Abbasov özünü "beynəlxalq hüquq müdafiəçisi" olaraq təqdim etməklə Müdafiə Nazirliyinin keçmiş idarə rəisi Nizami Məmmədovun cəzasını yüngülləşdirəcəyi vədi ilə onun qardaşı Nəsimi Məmmədovdan tam 90 min dollar (153 min manat) pul alıb. Əlbəttə, pulu alan kimi "yaddaş pozğunluğu" yaşayıb və tam 8 ay ərzində zərərçəkənləri söyüb, hədələyib və pulu qaytarmaqdan imtina edib. Ancaq məsələ ictimailəşəndə, hüquq müdafiəçiləri və mətbuat Kazımbalanın dəfələrlə həbsdə olmuş bir residivist olduğunu ifşa edəndə "David Seliverstov" panikaya düşüb və xaricə qaçıb. Cəmi 3 gün sonra adamları Şəlalə və Asif vasitəsilə 90 min dolları bu ilin avqustun 8-də sahibinə qaytarıb. Pulun qaytarılmasını videoya çəkdirib.

Qaçdığı xarici ölkədən hüquq müdafiəçisi Novella Cəfəroğluna zəng edib, yalvarıb ki, ona kömək etsin, mətbuatda ifşa olunması dayandırılsın, yoхsa "canlı efirdə canına qəsd edəcək". Məsələ keçməyəndə onu ifşa edən hüquq müdafiəçisi Çingiz Qənizadəni, ardından onun övladını təhdid etməyə başlayıb və bu gün də şantajla onun geri çəkilməsinə nail olmağa çalışır.

Kazımbalanın ürəyi bununla da soyumayıb, mətbuatı da məhkəmə ilə hədələyib. Bəlkə ifşanı dayandırarlar ümidi ilə...

Beləcə, Kazımbala gəncliyində Şağandakı Cəzaçəkmə Müəssisəsinin qarşısında göstərdiyi uğursuz "konsertləri" xatırladan növbəti hoqqalara əl atıb.

90 min dolları qaytaran Kazımbala qəfildən ayılıb ki, pulu qaytarmaqla əməlini etiraf etmiş olub!

Milli "Ostap Bender"in dərhal ağlına növbəti "dahiyanə" plan gəlib – Nəsimi Məmmədova pulu qaytaran adamları vasitəsilə Bakı Şəhər Prokurorluğuna şikayət etdirib ki, güya 90 min dollar onlardan... hədə-qorxu ilə alınıb!

Şikayət əsasında araşdırma başlayıb, istintaq Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə həvalə olunanda və polis müstəntiqi Elşən Bədəlzadə dindirilmələr aparanda Kazımbalanın bütün kombinasiya- maxinasiyasının üstü açılıb.

Nəsimi Məmmədov, dostu Rəşad Abdullayev və onları tanış edən Natiq adlı şəxsin ifadələri və ortaya qoyulan dəlillər Kazım Abbasovun maskasını birdəfəlik cırıb. Planının baş tutmadığını, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadənin işi peşəkarlıqla araşdırdığını görən "David Seliverstov" indi də kameranı müstəntiqə tərəf tuşlayıb.

Xaricdə oturub müstəntiqə xitabən "Sən kimsən?", "Hansı əsasla məni 178-ci maddə ilə məsuliyyətə cəlb edirsən?", "Sən bunu bacarmazsan!" deyə bağıran Kazımbala, faktiki olaraq, əməllərini vay-şüvənlə, vətənpərvərlikdən dəm vurmaqla pərdələməyə çalışır.

Sitat:

"Nizami Məmmədov 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi olduğu zaman Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Məhkəmənin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilən Nizami Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcəsini mənimsəmiş, şəhidlərin, qazilərin, eləcə də hərbi sursatların pulunu yeyərək bu gün öz cinayət əməllərinə görə cəza çəkir".

Bura qədər əla!

Hətta "bravo, Kazımbala" da demək olar. Amma bunun üçün "David Seliverstov" qədər "unutqan" olmaq vacib şərtdir.

Bu gün ittiham etdiyi həmin o Nizami Məmmədovun cəzasını yüngülləşdirəcəyini vəd etməklə onun qardaşından nə az-nə də çox, düz 153 min manat ekvivalentində dollar alıb və "yeyə" bilməyib axı.

Bunu hara yazaq?

Maraqlıdır ki, dərhal da vədini "unudub". 8 ay pulu qaytarmamaq üçün min hoqqadan çıxıb və məsələ ictimailəşəndən sonra, özünün əsl kimliyi - dəfələrlə həbsdə olmuş residevistin biri olması bilinəndən sonra pulu Bakıdakı adamları vasitəsilə qəpiyinə qədər qaytarıb. Düşünüb ki, məsələ bununla bitəcək. Məsələnin bitməsi üçün hüquq müdafiəçisi Novella Cəfəroğlundan kömək istəyib, əks təqdirdə birbaşa efirdə canına qəsd edəcəyi hədəsini də dilinə gətirib.

Bu təhdid də keçməyəndə onu ifşa edən hüquq müdafiəçisi Çingiz Qənizadəni təhdid edib, övladı ilə şantaj etməyə keçib, barəsindəki ifşaedici məqalələr yayan mətbuatı məhkəməyə verəcəyi ilə hədələyib. Bütün bunların faydasızlığı ilə barışmayan "David Seliverstov" növbəti təhdid ünvanı kimi polis müstəntiq Elşən Bədəlzadəni seçib.

Dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, sənəd saxtalaşdırma, natkotik və digər cinayətlərə görə dəfələrlə həbsdə olan residevist Kazımbala polis müstəntiqi Elşən Bədəlzadəyə xitabən deyir.

Sitat:

"Camaata deyirsən ki, "Davidi axıra saxlamışam, onu həbs etməyi fikirləşirəm". Sən bunu bacarmazsan, sən heç kimsən!"

Aydındır ki, "David Seliverstov" – Kazım Abbasovun vay-şüvənli teatrı istintaq araşdırmaları ilə "suya düşüb".

Kazımbalanın polis müstəntiqinə təhdidləri də elə bu səbəbdəndir.

Çünki daha cinayət əməllərini geydirmə "rekvizitlərlə" ört-basdır etmək mümkün deyil! (Musavat.com)

B
Qeyd edilməyib