"Vətən müharibəsindən əvvəl Azərbaycan və Ermənistan arasında kifayət qədər gərgin vəziyyət formalaşmışdı. Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməkdən imtina edirdi. İşğal olunmuş ərazilərin azad edilməsi və münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun müddət real nəticə əldə olunmamışdı. Bununla paralel olaraq, Ermənistanın müxtəlif rəhbər şəxsləri tərəfindən Azərbaycana qarşı hədələr və təhdid xarakterli açıqlamalar səsləndirilirdi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət onsuz da gərgin olduğu halda, müharibədən az əvvəl Tovuz istiqamətində baş verən hadisələr də vəziyyəti daha da ağırlaşdırdı:
"Ermənistan tərəfinin təxribat xarakterli fəaliyyətləri, Azərbaycanın yaşayış məntəqələrinin və ərazilərinin atəşə tutulması yeni gərginliyə səbəb oldu. Nəticədə hərbi qulluqçularla yanaşı, mülki əhali üçün də təhlükə yarandı. Tovuz döyüşləri Azərbaycan cəmiyyətində ciddi narazılıq və böyük rezonans doğurdu. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunun yüksək rütbəli hərbi qulluqçularının, o cümlədən general-mayor Polad Həşimovun həlak olması vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Bu hadisə cəmiyyətdə böyük emosional reaksiyaya səbəb olmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində onsuz da yüksək olan gərginliyi daha da artırdı.
Belə bir şəraitdə Tovuz hadisələri Azərbaycan hakimiyyətinin səbir kasasını daşıran son damlalardan biri oldu. Ermənistanın əvvəlki öhdəlikləri yerinə yetirməməsi, davam edən təhdidlər və hərbi təxribatlar fonunda Tovuz döyüşləri tərəflər arasında qarşıdurmanın yeni mərhələyə keçməsinin əsas amillərindən birinə çevrildi. Bütün bu proseslər son nəticədə 2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlamasına gətirib çıxaran mühüm amillər sırasında yer aldı."
Ekspert əlavə edib ki, vətən müharibəsinin əsas əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycanın 30 il işğal altında olan əraziləri erməni vandallarından tamamilə təmizləndi:
"Digər tərəfdən ərazi bütövlüyümüz, daha sonra isə suverenliyimiz təmin olundu. Uzun illər boyu bizim vətən həsrətimiz sona çatdı. Hər bir əməliyyat, hər bir döyüş, hər bir qələbə vətən sevgisini, xalqımızın dövlətə inamını daha da artırdı. Xalq, ordu və dövlət birliyi unikal bir səviyyəyə qalxmış oldu. Ən böyük əhəmiyyəti isə, təbii ki, bizim şəhidlərimizin qanı yerdə qalmadı. Biz həm Birinci, həm İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəman əsgərlərimizin, hərbçilərimizin, o cümlədən mülki əhalimizin qanını düşməndən artıqlaması ilə aldıq."

