Özəl

Azər Badamov: 27 Sentyabr xalqımızın şərəf tarixinin mühüm səhifələrindən biridir

Azər Badamov: 27 Sentyabr xalqımızın şərəf tarixinin mühüm səhifələrindən biridir

"27 Sentyabr – Anım Günü həm Vətən uğrunda canından keçmiş igid oğullarımıza göstərilən böyük ehtiramın ifadəsi, həm də xalqımızın şərəf tarixinin mühüm səhifələrindən biridir. Bu gün xalqımızın milli həmrəyliyini və birliyini nümayiş etdirdiyi, düşmənə qarşı "Dəmir yumruq"un gücünü göstərdiyi tarixi gündür. Eyni zamanda, 27 Sentyabr Azərbaycan xalqının döyüş meydanında öz haqqını və ədaləti bərpa etmək gücündə olduğunu nümayiş etdirməyə başladığı gündür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı son iki yüzillik tarixində torpaqlarının itirilməsi, çoxsaylı faciələr, deportasiyalar, soyqırımları və etnik təmizləmələrlə üzləşib:

"1905–1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızın qətlə yetirilməsi, 1918–1920-ci illərdə xalqımıza qarşı törədilən qanlı hadisələr yaddaşımızda silinməz izlər buraxıb. Bu dövr xalqımızın yaddaşında erməni silahlı dəstələrinin törətdiyi kütləvi qırğınlar və xüsusi qəddarlıqla həyata keçirilən cinayətlərlə yadda qalıb.

Çar Rusiyasının Cənubi Qafqazda apardığı siyasət, xüsusilə Qarabağ məsələsi ətrafında yaratdığı ziddiyyətlər regionda uzunmüddətli gərginliyin əsasını qoyub. Sonrakı illərdə xalqımızın başına müxtəlif faciələr gətirilib, deportasiyalar həyata keçirilib, minlərlə ailə öz doğma yurdlarını tərk etməyə məcbur olub.

1948–1953-cü illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiya edilən yüz minlərlə azərbaycanlı ağır şəraitlə üzləşib. Dağlıq iqlimdən aran bölgəsinin iqliminə uyğunlaşmaq məcburiyyətində qalan soydaşlarımız ciddi çətinliklər və itkilərlə üzləşiblər. 1987-ci ildən etibarən isə Ermənistandan didərgin salınan 300 mindən çox azərbaycanlı uzun illər ərzində qurduqları həyatlarını, doğma evlərini və yurdlarını geridə qoyaraq köçməyə məcbur ediliblər. Nəticədə Ermənistanın monoetnik dövlətə çevrilməsi prosesi başa çatdırılıb".

Azər Badamov əlavə edib ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələyə keçməsi və xarici dəstək alan separatçı qüvvələrin fəaliyyəti nəticəsində xalqımıza qarşı ağır cinayətlər törədilib, yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb:

"Başlıbel, Bağanis Ayrım, Ağdaban, Xocalı, Xocavənd və digər yaşayış məntəqələrində törədilmiş qətliamlar Azərbaycan xalqının iradəsini sındırmağa hesablanmışdı. 1992-ci il fevralın 26-da 7 mindən çox əhalisi olan Xocalıda bir gecə ərzində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 613 nəfərin qəddarcasına qətlə yetirilməsi xalqımızın yaddaşında ən ağır faciələrdən biri kimi qalıb. Mindən çox insanın yaralanması və əlil olması ilə nəticələnən Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Azərbaycan xalqının haqq səsinin eşidilməsi, işğalın və ədalətsizliyin dayandırılması istiqamətində beynəlxalq ictimaiyyətin fəaliyyəti isə uzun illər nəticəsiz qaldı. Təxminən 29 il ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar münaqişənin həllinə gətirib çıxarmadı. Azərbaycan tərəfi dəfələrlə status-kvonun qəbuledilməz olduğunu və torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyini bəyan etdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalına son qoyulması və işğalçı qüvvələrin çıxarılması ilə bağlı tələblər əksini tapsa da, bu qətnamələrin icrası uzun illər təmin olunmadı. Azərbaycan cəmiyyəti beynəlxalq münasibətlərdə bu məsələyə münasibətdə ikili standartların tətbiq edildiyini hesab edirdi.

Azərbaycan dövləti işğalla barışmayacağını və status-kvonun dəyişməz qalmasının qəbuledilməz olduğunu açıq şəkildə bildirirdi. Danışıqlar yolu ilə torpaqlarımızın azad olunmasının mümkün olmadığı təqdirdə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə edəcəyini bəyan edirdi.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul hadisələri Azərbaycan Ordusunun hərbi imkanlarını nümayiş etdirdi. Bu hadisələr Ermənistan tərəfinə Azərbaycanın ərazi bütövlüyünün bərpasında israrlı olduğu barədə ciddi mesaj idi.

Lakin 2020-ci il sentyabrın 27-də cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirilməsi, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması və dinc insanların həlak olması ilə vəziyyət yeni mərhələyə keçdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əks-hücum əmri ilə Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə uyğun olaraq ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərə başladı.

Xalqımız da dövlət başçısının çağırışına bir nəfər kimi səfərbər oldu. Minlərlə insan könüllü olaraq orduya getmək üçün hərbi komissarlıqların qarşısında növbələrə düzüldü. Arxa cəbhədə də ümumxalq səfərbərliyi yaşandı. "Hər şey cəbhə üçün!" şüarı ətrafında siyasi mövqeyindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs birləşdi və xalqımız "Dəmir yumruq"a çevrildi.

Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsinin hər bir günündə qəhrəmanlıq salnaməsi yazdı. Ordumuz bir addım belə geri çəkilmədən yeni-yeni yaşayış məntəqələrini işğaldan azad etdi. Xalqımız hər axşam televiziya ekranları qarşısında ərazilərimizin azad olunması ilə bağlı Ali Baş Komandanın növbəti xoş müjdəsini səbirsizliklə gözləyirdi.

Nəhayət, noyabrın 8-də Şuşada üçrəngli Azərbaycan Dövlət Bayrağının dalğalandırılması ilə Zəfərimizin ən mühüm səhifələrindən biri yazıldı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan kapitulyasiya etməyə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Həmin bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı.

Beləliklə, xalqımızın mərd və qəhrəman oğulları Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə apardılar və Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazılan Zəfər səhifəsini yaratdılar.

Təəssüf ki, müharibə itkisiz olmur. Vətən müharibəsində Azərbaycan 2 908 şəhid verdi, 6 hərbi qulluqçu itkin düşdü, minlərlə hərbçimiz yaralandı və qazimiz oldu. Dövlətimiz şəhid ailələrinin və qazilərin sosial müdafiəsini daim diqqətdə saxladı. Qazilərimizin müalicəsi və reabilitasiyası təşkil edildi, müasir yüksək texnologiyalı protezlərlə təmin olunmaları, fiziki imkanlarının bərpası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirildi.

Şəhid ailələrinə və qazilərə sosial dəstək tədbirləri genişləndirildi. "YAŞAT" Fondu tərəfindən minlərlə şəhid ailəsi üzvü və yaralı hərbi qulluqçuya müxtəlif istiqamətlər üzrə dəstək göstərildi və bu məqsədlə böyük həcmdə vəsait xərcləndi.

Dövlətimiz şəhidlərimizin xatirəsini daim uca tutur. Onların Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin sərəncamı ilə 27 Sentyabr Azərbaycanda Anım Günü elan edilib. Xalqımız hər il bu günü böyük ehtiramla qeyd edir, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir. Həmin gün saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan olunur.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər və xatirə məkanları yaradılıb. Xalqımız hər il bu məkanları ziyarət edir, şəhidlərimizin xatirəsinə gül dəstələri qoyur və onların qarşısında dərin ehtiramını ifadə edir.

44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biridir".