"Hər bir xalqın, cəmiyyətin və dövlətin böyüklüyünü xarakterizə edən, inkişafa təkan verən tarixi hadisələr olur. Azərbaycan tarixində də belə mühüm hadisələrdən biri şanlı Zəfər tarixidir. Bu zəfəri Azərbaycan xalqı öz birliyi ilə, Azərbaycan Müzəffər Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında birləşərək, onun bilavasitə rəhbərliyi altında yaşamağa və Azərbaycan xalqına yaşatmağa nail oldu".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış zəfərə sadəcə bir qələbə kimi baxmaq lazım deyil:
"Mənə elə gəlir ki, illər keçəcək və xüsusən bu gün geosiyasi arenada gedən proseslərin, müharibələrin təhlili zamanı Azərbaycan xalqının və Azərbaycan dövlətinin zəfərə apardığı yol daha çox araşdırılacaq. Yeni dərslər və yeni təhlillər ortaya çıxacaq. Bunların nəticələri Azərbaycanın bu tarixi hadisəsinin nə qədər zəngin olduğunu gələcəkdə bir daha göstərəcək. Ona görə də Azərbaycan xalqının bu zəfəri həm də haqsızlığa məruz qalan, işğaldan əziyyət çəkən xalqlar üçün bir nümunədir. Əgər xalq doğrudan da böyük xalqdırsa və öz haqqını əldə etmək istəyirsə, haqlı olaraq haqq öz yerini tapacaq. Necə ki, Azərbaycanda 30 ildən çox bizə bu məsələni unutdurmaq, artıq həll olunmuş məsələ olduğuna inandırmaq, Azərbaycanın həmin torpaqları itirdiyini və bir daha o torpaqlara qayıtmayacağını düşünməyə vadar etmək istəyirdilər. Bu istiqamətdə Azərbaycan xalqının 30 il ərzində düşüncəsini dəyişmək istəyən qüvvələr az deyildi. Ancaq Azərbaycanın liderləri – öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı və onun rəhbərliyi dövründə Azərbaycanın torpaqlarına sahib olması ilə bağlı əsas strateji xəttini daim saxlaması, onun davamçısı olan Prezident İlham Əliyevin isə Ulu Öndərin bu istiqamətdə siyasətini davam etdirməsi – xalqımızda inamı qoruyub saxladı.
"Biz o torpaqlara qayıdacağıq, biz o torpaqlara sahib olacağıq, biz ikinci erməni dövlətinin Azərbaycanda yaranmasına imkan verməyəcəyik, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytaracağıq, biz o torpaqlara qayıdacağıq" kimi fikirlər Azərbaycan xalqının ürəyində olan ümidi daim yaşadırdı. O ümidlə bizim gənclərimiz böyüyürdü, gənclərimizin vətənpərvərlik ruhu formalaşırdı. Prezidentin də dediyi kimi, həmin əraziləri görməyən gənclər belə öz qanı və canı bahasına qəhrəmanlıq salnaməsi yazaraq yeni tarix yaratmağa və Azərbaycan xalqını zəfərə gətirməyə müvəffəq oldular. Biz hər zaman böyük ehtiramla şəhidlərimizi xatırlayacaq və onları unutmayacağıq. Onların yaxınlarına daima hörmətlə yanaşmalıyıq. Biz sağlamlığını itirən Qarabağ müharibəsi əlillərini cəmiyyət olaraq hər cür dəstəkləməli, onların sağlamlığının keşiyində durmalıyıq. Eyni zamanda, müharibə veteranlarımıza, Vətənin qorunmasında və torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən insanlara daima hörmətlə yanaşmalıyıq".
Ekspert qeyd edib ki, ona görə də Vətən müharibəsinin Azərbaycan tarixində yeri danılmazdır:
"Mənə elə gəlir ki, biz bu barədə hələ çoxlu təhlillər aparacağıq və həmin təhlillərdən qaynaqlanan yeni faktorlar və məqamlar ətrafında düşüncələr formalaşdıracağıq. Ancaq hər şey zəfərlə bitmir. Zəfərlə demək olar ki, inkişaf başlayır. Əlbəttə, zəfər qazanan Azərbaycan qələbədən irəli gələn təhlilləri apararaq, onun dərslərini gündəlik fəaliyyətində daim nəzərə alaraq, gələcək strateji addımların atılmasında bu amillərdən və nəticələrdən faydalanır. Son 6 il ərzində Azərbaycanın hərbi doktrinası, strateji yönümlü sənədləri və planları ilə bağlı elə bir sahə olmayıb ki, orada qələbənin nəticələri özünü göstərməsin. Ona görə düşünürəm ki, bu, hələ də davam edən bir prosesdir. Biz zəfərimizin qiymətini bilərək, onun gələcəyimizdə oynaya biləcəyi roldan, strateji araşdırmaların nəticələrindən faydalanmalı, bu nəticələrin strateji səviyyəli sənədlərdə və planlarda əks olunmasını təmin etməli və prosesi daim inkişaf etdirməliyik. Bu gün Azərbaycanın istər müdafiə və təhlükəsizlik baxımından atdığı addımlar, istərsə də suverenliyimizi və müstəqilliyimizi qorumaq üçün mövcud riskləri daim araşdırması bu istiqamətdə təhlükəsizliyimizi inkişaf etdirdiyimizi göstərir. Son 6 il ərzində, zəfərin ilk illərində antiterror tədbirləri çərçivəsində bir əməliyyat da tariximizə yazıldı. Həmin əməliyyatın nəticəsində erməni separatçılarının kökü kəsildi, qanunsuz silahlı birləşmələr darmadağın edilərək tərksilah olundu və Azərbaycanın suverenliyi bütün coğrafi ərazisində təmin edildi. Əlbəttə, bu nəticələr də Azərbaycanın doktrinasında və digər strateji sənədlərində öz əksini tapıb. Bunun davamı kimi Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi ilə əlaqədar Şuşa Bəyannaməsi kimi strateji sənədin ortaya çıxmasını və qardaş Türkiyə ilə Azərbaycanın təhlükəsizlik sahəsində birgə atdığı addımları da göstərmək olar. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ordu qarşısında Türkiyə ordu modelinə keçidlə bağlı tapşırığı Azərbaycan Ordusunda böyük inamla qəbul olundu. Bu gün artıq demək olar ki, biz həmin islahatların yekun mərhələsindəyik. Bu mərhələdə Azərbaycan hərbçilərinin və Silahlı Qüvvələrdə xidmət edən qurumların sosial məsələləri də gündəmdədir. Maaş və pensiyaların artırılması ilə bağlı verilən qərarlar fonunda inkişafımızı davam etdiririk".
Şair Ramaldanov əlavə edib ki, bu gün Türkiyədə Azərbaycan Ordusunun nümayəndələri olmadan və ya Azərbaycanda Türkiyə Ordusunun nümayəndələri olmadan hansısa iri miqyaslı təlimlərin keçirildiyi çox az hallara rast gəlinir:
"Çünki bütün təlimlərdə Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi və Azərbaycan Ordusunun inkişafı ilə bağlı iki qardaş ölkə "Bir millət, iki dövlət" prinsipinə sadiq qalaraq bunu artıq ordu və hərb dilində "İki dövlət, bir ordu" prinsipi kimi qəbul edir. Biz bu yolu uğurla davam etdirir və Prezidentin qarşımıza qoyduğu tapşırıqları yerinə yetiririk. Artıq zəfərin nəticəsində təmas xəttindən zəfərə aparan yolu uğurla keçərək bu təmas xəttini dövlət sərhədi xətti ilə əvəz etdik. Bu gün Azərbaycan öz coğrafi sərhədlərində öz torpaqlarını qorumağa davam edir. Əlbəttə, belə olduğu halda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qurduğu yerli hərbi infrastruktur xüsusilə diqqət çəkir. Əgər işğal dövründə hərbi hissələrimiz daha çox təmas xəttinə bağlı idisə, indi infrastruktur da zəfərlə birlikdə irəliləyərək dövlət sərhədinə gəlib çatıb. Orada yeni hərbi hissələr, yeni hərbi infrastruktur yaradılır və Azərbaycanın müdafiə və təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün qurumlar öz infrastrukturunu formalaşdıraraq inkişaf etdirirlər. Bu işlər bu gün də davam edir. İnfrastrukturun dövlət sərhədində saxlanılmasının, Azərbaycan torpaqlarının bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunmasının böyük əhəmiyyəti var. Çünki infrastrukturun inkişafı təhlükəsizliyimizin dayanıqlılığını və etibarlılığını artıran amildir. Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı, bilavasitə rəhbərliyi və qayğısı altında Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri həyata keçirilir, yeni və yenidən qurulmuş hərbi hissələrin açılışının şahidi oluruq. Biz bu gün Ermənistanla münasibətlərdə "sülh" sözünü daha çox işlədirik və bugünkü reallıqla Ermənistan cəmiyyəti və dövləti razılaşmalıdır. Bununla bağlı müəyyən addımların atıldığını da görürük. Ancaq hazırda Ermənistan daxilində gedən prosesləri və bu proseslərin nəticəsində Ermənistan dövlətinə olan təzyiqləri də görürük. Hələ də revanşist ideyalarla köklənən qüvvələrin Ermənistanda mövcudluğunu görürük. Bütün bunları nəzərə alaraq, Azərbaycan öz təhlükəsizliyini daim nəzarətdə saxlayır. Bu günə qədər, yəni bugünkü reallıqda Ermənistanla münasibətlərdə de-fakto sülhdən danışırıq. Ancaq de-yure bizim nə sərhədlərdə delimitasiya-demarkasiya prosesi praktiki şəkildə başa çatıb, nə də sülh müqaviləsi bağlanıb. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğu bildirilir. Əlbəttə, bu fonda Avropanın, daha doğrusu, Avropa və digər Qərb ölkələrinin, həmçinin Ermənistanı silahlandırmağa çalışan bəzi qüvvələrin niyyətlərini də nəzərə almalıyıq. Ona görə də biz barıtımızı quru saxlamalı və "Sülh istəyirsənsə, müharibəyə hazır ol" prinsipi ilə öz təhlükəsizliyimizi təmin etməliyik.
Azərbaycanın Zəfər Bulağından içən gənclər, əlbəttə, xoşbəxt gənclərdir. Bu gənclər artıq Azərbaycanın torpaqlarının bir hissəsinin işğalına sadəcə tarix kimi baxırlar. Bu gün onlar qürurlu, güclü, inkişaf edən, müasir orduya malik olan və bu inkişaf yolunda addımlayan Azərbaycanın vətəndaşları kimi yaşayırlar. Bu gün Azərbaycan Ordusunda xidmət etmək hər bir gəncin diqqətində olan sahələrdən, peşələrdən biridir. Bunun nəticəsi olaraq Azərbaycan gənclərinin peşəkar ordu prinsipi ilə inkişaf edən orduya üz tutması, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, müqavilə əsasında xidmət etməyə can atan və müraciət edən gənclərimizin sayının az olmadığını görürük. Əlbəttə, bu, ilk növbədə Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun göstəricisi kimi qəbul edilməlidir. Azərbaycan gəncləri bu gün Vətən müharibəsi iştirakçıları ilə istər evdə, istər yaxınlarının ətrafında, istər küçədə, kənddə, rayonda, şəhərdə, istərsə də iş yerində daim ünsiyyətdədirlər. Bu ünsiyyət də gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsində öz rolunu oynayır. Digər tərəfdən, mən deyərdim ki, Prezident İlham Əliyevin imzası ilə Azərbaycanın təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşdırılması ilə bağlı strategiya və sənədlərdə nəzərdə tutulan proqramlı addımlar, müddəalar və tələblər bu gün də təhsil müəssisələrində uğurla tətbiq olunur. Artıq bu sahədə müəyyən təcrübə qazanmışıq. Aparılan bütün tədbirlər, ümumiyyətlə, Azərbaycanın bugünkü həyatı və uğurları, ölkə daxilində olan sabitlik gənclərimizin vətənpərvərlik ruhunun yüksək olmasının da göstəricisidir. Əlbəttə, gənclərimiz bu ruhu hərbi xidmətdə fədakar əməkləri və Vətən qarşısında vətəndaşlıq borclarını yerinə yetirmələri ilə də nümayiş etdirirlər".

