"Bu, tarixi bir hadisədir. Dövlətçilik tariximizdə ən böyük dönüş nöqtələrindən biridir. Çünki 27 sentyabrda başlayan hərəkət bütövlükdə müstəqilliyimizin ən böyük hadisəsinə gətirib çıxardı. Bu da Azərbaycanın bütövləşməsi hadisəsi idi".
Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Qarabağın, ümumiyyətlə, bizim milli komponent olaraq ortaya çıxmağımızdan, siyasi quruluş olaraq mövcudluğumuzdan bu yana heç vaxt Qarabağı bu qədər Azərbaycana bütöv şəkildə bağlaya bilməmişdik:
"İlk dəfə bunu etdik. Ona görə də bu tarix başlayanda hamımız, təbii ki, həyəcanlı idik. İrəlisini proqnozlaşdırmaqda çətinlik çəkirdik. Çünki bəzi bilgilərimiz vardı, bəzi bilgilərimiz isə yox idi. Amma bu gün yekunda gördük ki, gerçəkdən bu tarix bizdə böyük bir dönüş yaratdı və insanlarımız öz gücünə inandılar. Gördülər ki, doğrudan da səfərbərlik olanda, ordu ayaqda olanda, yaxşı texnoloji imkanlar qazananda bunu etmək mümkündür. 27 sentyabr bizim ən dəyərli günlərimizdən biridir və bu günü əbədi olaraq həmişə xatirəmizdə uca tutmalıyıq".
Qeyd edək ki, 27 sentyabr – Azərbaycanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edildiyi Anım Günüdür. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi qeyd olunur. Anım Günü ölkə üzrə müxtəlif tədbirlərlə qeyd edilir, şəhidlərin xatirəsi yad olunur.

