Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, E.Hüseynov küçəsində baş verib. 1975-ci il təvəllüdlü Mayıl həmin küçədə yerləşən nömrəsiz evdə birgə yaşadığı arvadı Məlahətlə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında baş vermiş mübahisə zəminində Mayıl yumruqla arvadının sifət və baş nahiyələrindən, təpiklə isə bədən, əl və ayaq nahiyələrindən bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Mayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət onun həyat yoldaşıdır və onunla təxminən 30 il müddətdir ailəlidir:
“Məlum hadisə günü, gecəyarısı sərxoş vəziyyətdə yaşadığım evə gəldim. Evə daxil olduqda arvadım spirtli içki qəbul etdiyim üçün mənə öz iradını bildirdi. Bu vaxt aramızda mübahisə düşdü və Məlahət ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Bundan əsəbləşərək arvadımı yumruqla sifət və baş nahiyələrindən, təpiklə isə bədən, əl və ayaq nahiyələrindən bir neçə dəfə vuraraq ona xəsarət yetirdim”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Mayıl 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.


