Ömürlük həbs cəzası almış müvəkkilinin apellyasiya prosesini aparan vəkil “ChatGPT”dən əldə etdiyi məlumatları yoxlamadan məhkəməyə təqdim edib. Sənədlərdə xəyali polis əməkdaşları və şahidlərin yer aldığı üzə çıxanda isə vəkil şok yaşayıb.
Demokrat.az xəbər verir ki, ABŞ-da süni intellektin hüquq sahəsində istifadəsi ilə bağlı müzakirələrə diqqətçəkən bir nümunə əlavə olunub. Nyu-Meksiko ştatında təxminən 40 illik peşə təcrübəsinə malik müdafiə vəkili Stiven Aarons “ChatGPT”nin köməyi ilə hazırladığı apellyasiya ərizəsində reallıqda mövcud olmayan şahid ifadələrinə və səhv hüquqi presedentlərə yer verdiyi üçün məhkəməyə hörmətsizlikdə təqsirli bilinib.
Aarons qətl ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş müvəkkilinin apellyasiya prosesini aparırdı. İş çərçivəsində məhkəmə protokollarını və müxtəlif sənədləri “ChatGPT”yə yükləyən vəkil süni intellektdən aldığı xülasə və mətnləri kifayət qədər yoxlamadan məhkəməyə təqdim edib.
Bundan sonra Nyu-Meksiko Ali Məhkəməsi Aaronsın vəkillik lisenziyasını müvəqqəti dayandırıb. İş həmçinin onun barəsində intizam araşdırması aparılması üçün intizam şurasına göndərilib.
Məhkəmənin araşdırması zamanı ən diqqətçəkən məqamlardan biri ərizədə məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmiş polis əməkdaşları və şahidlərə aid olduğu iddia edilən ifadələrin yer alması olub.
Sənədlərdə bəzi məhkəmə presedentlərinin də səhv və ya təhrif olunmuş şəkildə təqdim edildiyi müəyyənləşdirilib. Buna görə Aarons 5 min dollar məbləğində cərimələnib.
Vəkil məhkəmədə bildirib ki, süni intellekt sistemlərinin bəzən reallıqda mövcud olmayan məlumatlar yarada bildiyini bilməyib və səhv də məhz bundan qaynaqlanıb.
Lakin hakim Si. Şennon Beykon bu izahatı kifayət hesab etməyib. Beykon vurğulayıb ki, vəkil süni intellektdən, hüquq tələbəsindən və ya başqa köməkçi mənbədən istifadə edə bilər. Ancaq məhkəməyə təqdim edilən sənədə imza atdığı andan etibarən həmin sənəddəki məlumatların doğruluğuna görə birbaşa məsuliyyət daşıyır.
Araşdırma zamanı Aaronsın müvəkkilini və onun ailəsini müdafiə prosesində süni intellektdən istifadə etdiyi barədə məlumatlandırmadığı da üzə çıxıb. Eyni zamanda ərizələrdə uydurma məzmunun yer aldığı barədə hər hansı açıqlama verilməyib.
Məhkəmə Aarons tərəfindən təqdim edilən bütün ərizələrin iş materiallarından çıxarılmasına qərar verib. Həbsdə olan müttəhimə isə apellyasiya prosesinin davam etdirilməsi üçün ictimai müdafiə xidməti vasitəsilə yeni vəkil təyin edilməsi qərara alınıb.
Jalə Demokrat.az


