Cəmiyyət Özəl

18 yaşdan sonra övladına mane olan valideyni nə gözləyir — Açıqlama

18 yaşdan sonra övladına mane olan valideyni nə gözləyir — Açıqlama

Valideynin yetkinlik yaşına çatmış övladının təhsil almasına mane olması, onu evdən çıxmağa və təhsil üçün zəruri sənədləri rəsmiləşdirməyə qoymaması hüquqi baxımdan suallar doğurur.Xüsusilə bu vəziyyət fiziki zorakılıq və ölümlə hədələmə halları ilə müşayiət olunursa, şəxsin öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata biləcəyi gündəmə gəlir.

Bəs 18 yaşını tamamlayan şəxs belə vəziyyətdə hara müraciət edə bilər və valideynin bu hərəkətləri hansı məsuliyyətə səbəb ola bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, hər bir halda şəxs yetkinlik yaşına çatdıqdan, yəni 18 yaşı tamam olduqdan sonra hüquq və fəaliyyət qabiliyyətinə malik şəxs kimi istədiyi təhsil üzrə təhsil almaq üçün müvafiq qaydada müraciət edə bilər.

Onun sözlərinə görə, şəxs öz təhsilini davam etdirmək və təhsil almaq hüququna malikdir:

“Valideyn və ya digər şəxslər tərəfindən həmin hüququn məhdudlaşdırılması, şəxsin təhsil almaq və ya təhsilini davam etdirmək istəyinin qarşısının alınması onun hüquqlarına müdaxilə hesab olunur. Belə hallarda şəxs öz hüquqlarının müdafiəsi üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Burada xüsusilə vurğulamaq lazımdır ki, hüququ məhdudlaşdıran şəxsin valideyn, qohum, qonşu və ya başqa bir şəxs olması məsələnin hüquqi mahiyyətini dəyişmir.

Yetkinlik yaşına çatmış şəxs artıq öz hüquq və azadlıqlarını müstəqil şəkildə həyata keçirmək imkanına malikdir və onun təhsil almaq hüququnun qarşısının alınması hüquqi baxımdan araşdırılmalıdır.

Eyni zamanda, əgər şəxsin təhsil hüququnun məhdudlaşdırılması ilə yanaşı, ona qarşı fiziki zorakılıq və ya digər qanunsuz hərəkətlər də törədilirsə, bu hallar ayrıca qiymətləndirilməlidir. Həmin əməlin valideyn tərəfindən törədilməsi onu məsuliyyətdən azad etmir. Yetkinlik yaşına çatmış şəxslə bağlı fiziki zorakılıq faktı müəyyən edilərsə, həmin hadisə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmalı və hüquqi qiymət verilməlidir.

Bu baxımdan, belə məsələlərin hər biri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Araşdırmanın nəticəsindən, müəyyən edilmiş faktlardan və əməlin hüquqi xarakterindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir.

Bir daha qeyd etmək lazımdır ki, hüquqazidd əməli törədən şəxsin valideyn, qohum, qonşu və ya başqa biri olması onun əməlinə hüquqi qiymət verilməsinə mane olmamalıdır.

Əsas məsələ konkret hadisənin, şəxsin hüquqlarının məhdudlaşdırılıb-məhdudlaşdırılmamasının və varsa, zorakılıq faktının araşdırılmasıdır”, – deyə vəkil fikrini tamamlayıb.

Məsələ ilə bağlı vəkil Vüsalə Muradxanlı isə saytımıza açıqlamasında bildirib ki, valideyn yetkin övladının təhsil almasına mane olur, onu evdən çıxmağa və sənədlərini rəsmiləşdirməyə qoymur, eyni zamanda fiziki zorakılıq və ölümlə hədələyirsə, bu halda məsələyə artıq sadəcə ailədaxili mübahisə kimi deyil, şəxsin fundamental hüquqlarının mümkün pozuntusu kimi yanaşmaq lazımdır.

Onun sözlərinə görə, ilk növbədə qeyd edilməlidir ki, söhbət 18 yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxsdən gedirsə, onun hüquqi statusu valideynin iradəsindən asılı deyil:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin tam mülki fəaliyyət qabiliyyəti 18 yaşına çatdıqda yaranır.

Bu o deməkdir ki, yetkin şəxs öz hüquqlarını müstəqil həyata keçirə, müqavilələr bağlaya, təhsil və digər şəxsi məsələlərlə bağlı qərarlarını özü verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi hər kəsin azadlıq hüququnu təsbit edir və qanuni əsas olmadan şəxsin azad hərəkət etməsinin məhdudlaşdırılmasına yol vermir.

Konstitusiyanın həmin maddəsinə görə ölkə ərazisində qanuni surətdə olan hər bir şəxs sərbəst hərəkət etmək və yaşayış yerini seçmək hüququna malikdir. Buna görə valideynin yetkin övladını zorla evdə saxlamaq və faktiki olaraq onun hərəkət azadlığını məhdudlaşdırması hüquqi qiymətləndirmə predmeti ola bilər. Təhsil məsələsinə gəldikdə isə, “Təhsil haqqında” Qanunun 32.3-cü maddəsi təhsilalanın mühüm hüquqlarını müəyyən edir.

Həmin maddəyə əsasən təhsilalan təhsil müəssisəsini və ixtisasını qanunvericiliyə uyğun seçmək, fasiləsiz təhsil almaq, təhlükəsiz təhsil şəraitində oxumaq və fiziki, mənəvi, psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququna malikdir.

Bu baxımdan valideynin yetkin övladın təhsil almasına zor tətbiq etməklə mane olması onun təhsil hüququ ilə bağlı ciddi hüquqi mübahisə yarada bilər.

Əgər valideyn fiziki zorakılıq tətbiq edir, davamlı psixi təzyiq göstərir və ya övladını evdən çıxmağa qoymursa, burada “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun müddəaları da tətbiq oluna bilər.

Həmin Qanunun 1-ci maddəsində məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq və azadlıq hüququnun məhdudlaşdırılması anlayışları ayrıca müəyyən edilir. Valideyn və yetkin övlad yaxın qohum olduqları üçün belə hallar bu Qanunun tətbiq dairəsinə daxil ola bilər”.

Vəkil əlavə edib ki, qanunvericilik zərər çəkmiş şəxsin müdafiəsi üçün xüsusi hüquqi mexanizmlər də nəzərdə tutur:

““Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 10, 11 və 12-ci maddələrinə əsasən zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderi müəyyən hallarda müraciətdən sonra dərhal tətbiq edilən qoruyucu tədbirdir, uzunmüddətli mühafizə orderi isə məhkəmə tərəfindən verilir və zorakılığın davam etməsinin qarşısının alınmasına yönəlir.

Qanunda həmçinin zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaq, hüquqi və sosial yardım ilə təmin olunması imkanları da nəzərdə tutulur.

Əgər şəxsə qarşı ölümlə hədələmə halları baş verirsə, bu məsələ də ayrıca hüquqi qiymətləndirilməlidir. Belə hədənin cinayət məsuliyyəti yaratması üçün onun real təhlükə doğurması, yəni zərər çəkmiş şəxsdə həmin hədənin həyata keçiriləcəyinə əsaslı qorxu yaratması kimi hallar araşdırılır.

Buna görə hər bir hadisənin konkret faktları, yazışmalar, səs yazıları, şahid ifadələri və digər sübutlar mühüm əhəmiyyət daşıyır. Cinayət Məcəlləsinin müvafiq normaları yalnız istintaq və məhkəmə tərəfindən konkret hallara əsasən tətbiq edilir.

Digər tərəfdən, əgər yetkin şəxs faktiki olaraq iradəsi əleyhinə evdə saxlanılır və sərbəst hərəkət etməsinə imkan verilmir, bu zaman Cinayət Məcəlləsinin 145-ci maddəsində nəzərdə tutulan qanunsuz azadlıqdan məhrum etmə əlamətlərinin olub-olmaması da hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilər.

Burada əsas məsələ şəxsin həqiqətən fiziki və ya digər məcburiyyət vasitələri ilə azad hərəkət imkanından məhrum edilib-edilməməsidir.

Belə vəziyyətlə üzləşən şəxs praktik olaraq ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Fiziki zorakılıq və ya real təhlükə varsa, dərhal polisə müraciət edilməli, mümkün olan bütün sübutlar mesajlar, səs yazıları, foto və videolar, şahid məlumatları, tibbi arayışlar və digər materiallar qorunmalıdır.

Xəsarət alınıbsa, tibbi müəssisədə onun qeydə alınması sonrakı hüquqi proses baxımından xüsusi əhəmiyyət daşıyır.

Əgər valideyn şəxsin şəxsiyyət vəsiqəsi, təhsil sənədləri, attestatı, diplomu və ya digər şəxsi sənədlərini verməkdən imtina edirsə, bu da həmin şəxsin hüquqlarının həyata keçirilməsinə maneə yarada bilər.

Yetkin şəxs aidiyyəti dövlət qurumlarına müraciət etməklə qanunvericiliyin müəyyən etdiyi qaydada öz sənədlərinin təkrar alınması və ya bərpası imkanlarından istifadə edə bilər. Bununla yanaşı, sənədlərin qəsdən gizlədilməsi və ya hüquqların həyata keçirilməsinə mane olmaq faktı ümumi hadisənin tərkibində hüquqi qiymətləndirilə bilər”.

Vüsalə Muradxanlının sözlərinə görə, nəticə etibarilə, valideyn olmaq yetkin övlad üzərində qeyri-məhdud hakimiyyət hüququ vermir:

“Yetkin şəxsin hərəkət azadlığı, təhsil almaq hüququ, şəxsi sənədlərindən istifadə etmək imkanı və zorakılıqdan müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qüvvədə olan qanunvericiliklə qorunur.

Konkret hadisədə isə tətbiq olunacaq inzibati və ya cinayət məsuliyyəti zorakılığın xarakterindən, hədələrin reallığından, azadlığın hansı formada məhdudlaşdırılmasından və toplanmış sübutlardan asılı olaraq müəyyən edilir”.

Nuray Paşşanlı

D
demokrat.az