İranın Hörmüz boğazının açılması üçün ABŞ qarşısında 7 şərt irəli sürdüyü bildirilir. Tələblərin qəbul edilməməsi halında boğazın bağlı qalması qlobal enerji bazarında təchizat risklərini artıra və neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Bəs İranın şərtləri ABŞ tərəfindən qəbul edilməsə, Hörmüz boğazının bağlı qalması qlobal neft bazarına necə təsir göstərəcək? Neftin qiymətində hansı həddə qədər artım gözlənilə bilər və bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazındakı maneələrin aradan qaldırılması hazırda həm qlobal iqtisadiyyat, həm də region üçün əsas müzakirə mövzularından biridir.

Onun sözlərinə görə, Hörmüz boğazı enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biridir və burada yaranan istənilən gərginlik qlobal neft bazarına birbaşa təsir göstərə bilər:
“Ona görə də, sözsüz ki, əgər İran və Amerika Birləşmiş Ştatları bu istiqamətdə razılığa gələ bilməzsə və Hörmüz boğazından, xüsusilə də enerji daşıyıcılarının daşınması ilə bağlı çətinliklər davam edərsə, bu vəziyyət dünya bazarında neftin qiymətinə təsir göstərəcək. Belə olan halda neftin qiymətinin artacağı gözlənilir.
Ümumiyyətlə, hazırda enerji bazarı, xüsusilə də neft bazarı müəyyən mənada Hörmüz boğazındakı vəziyyətdən asılıdır. Çünki bu boğazdan keçən enerji daşımalarında hər hansı məhdudiyyətin yaranması bazarda təkliflə bağlı narahatlıqları artırır. Təklifin azalacağı ilə bağlı gözləntilər isə neftin qiymətinin yüksəlməsinə səbəb ola bilər.
Əksinə, Hörmüz boğazı ilə bağlı mövcud maneələr aradan qalxarsa, enerji daşıyıcılarının daşınması bərpa olunarsa və bazarda təchizatla bağlı risklər azalsa, bu, neft qiymətlərinin azalmasına şərait yarada bilər. Yəni burada əsas məsələ bazarın neft təchizatı ilə bağlı gözləntiləridir.
Bu baxımdan, sözügedən şərtlər üzrə İran və ABŞ arasında razılaşma əldə olunmazsa və Hörmüz boğazında vəziyyət əvvəlki kimi davam edərsə, bunun dünya bazarında neftin qiymətində yeni artımlarla müşayiət olunacağı gözlənilir.
Eyni zamanda, qiymət artımının miqyası yalnız boğazdakı vəziyyətdən asılı olmayacaq. Bu göstəriciyə qlobal neft tələbatı, digər hasilatçı ölkələrin bazara çıxardığı neftin həcmi və geosiyasi proseslərin hansı istiqamətdə inkişaf etməsi də təsir göstərəcək”, - deyə Vüqar Bayramov fikrini tamamlayıb.


