Vetçina səhər yeməyi və sendviçlərdə geniş istifadə olunan məhsullardan biridir. Zülal mənbəyi olması səbəbindən uzun müddət toxluq hissi yarada bilsə də, onun müntəzəm istehlakının müəyyən sağlamlıq riskləri də var.
Demokrat.az “Health” nəşrinə istinadən xəbər verir ki, vetçinanı tez-tez qəbul etmək orqanizmə əlavə natrium və emal olunmuş ət daxil olmasına səbəb ola bilər. Uzun müddətdə bu, ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə və bəzi xroniki xəstəliklərin riskini artıra bilər.
Bununla yanaşı, vetçinanı müəyyən miqdarda qəbul etməyin bəzi faydaları da qeyd olunur. Məhsul fosfor, selen, tiamin və niasin kimi vitamin və minerallarla zəngindir. Fosfor sümüklərin və dişlərin möhkəmliyində, selen isə qalxanabənzər vəzinin normal fəaliyyətində mühüm rol oynayır.
Vetçinanın tərkibindəki zülal əzələlərin qorunmasına və inkişafına kömək edə, həmçinin uzun müddət toxluq hissi yaradaraq çəkiyə nəzarəti asanlaşdıra bilər. Tərkibindəki niasin isə qidanın orqanizm üçün enerjiyə çevrilməsində iştirak edir.
Lakin diyetoloqlar məhsulun müntəzəm və çox miqdarda istehlakına ehtiyatla yanaşmağı məsləhət görürlər. Emal olunmuş ət məhsullarının yüksək miqdarda qəbulu müəyyən xərçəng növlərinin və ürək-damar xəstəliklərinin riskinin artması ilə əlaqələndirilir. Həmçinin yüksək duz tərkibi arterial təzyiq baxımından arzuolunmaz ola bilər.
Mütəxəssislər vetçina yeyərkən porsiyalara diqqət etməyi və rasionu müxtəlif zülal mənbələri ilə zənginləşdirməyi tövsiyə edirlər. Vetçinanı tərəvəz, meyvə, tam taxıllı məhsullar və paxlalılarla birlikdə qəbul etmək daha balanslı qidalanmağa kömək edə bilər.
Eyni zamanda, emal olunmuş ət məhsullarının bir hissəsini təzə toyuq və hinduşka əti, balıq, lobya, mərcimək və humus kimi zülal mənbələri ilə əvəz etmək mümkündür.
Jalə Demokrat.az


