Bir dövrə damğasını vuran “Hepsi” qrupunun keçmiş solisti Yasemin Yürük sosial şəbəkədəki paylaşımları ilə pərəstişkarlarını narahat edib. Xəstəxana otağından səhhəti barədə açıqlama verən Yürük ayağındakı sınıq səbəbilə yenidən əməliyyat olunub.
Demokrat.az xəbər verir ki, musiqi karyerasındakı uğurları ilə zaman-zaman gündəmə gələn 39 yaşlı sənətçinin müalicəsinin davam etdiyi və bir neçə gün istirahət edəcəyi bildirilib.
2000-ci illərin məşhur musiqi qruplarından biri olan “Hepsi”nin sevilən üzvlərindən Yasemin Yürük bir müddət əvvəl bədbəxt hadisə nəticəsində ayağını sındırıb. Yıxılaraq xəsarət alan sənətçi təcili tibbi yardım üçün xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Əməliyyatdan sonra Yürük səhhəti barədə bunları deyib:
“Salam hər kəsə. Bir müddətdir xəstəxanadayam, düz bir həftədir. İnşallah, sabah evə gedəcəyik. Bu gün səkkizinci günümüzdür. Çox çətin bir neçə gün keçirdim. Ağrım çoxdur, sözlə ifadə etmək mümkün deyil. Əvvəla deyə bilərəm ki, bu, adi sınıq deyil. Sınığım ön baldır sümüyündə, yəni ayağımın ön hissəsindədir. Oraya metal lövhə yerləşdirilib.”
Bədbəxt hadisədən sonra sağalma prosesi davam edən Yürük daha sonra müalicəsi barədə də paylaşım edib:
“Hava pis olanda təəssüf ki, ağrıdan yata bilmirəm. Məsələn, hazırda ayağım sanki donmuş kimi keyiyib. Qarışqa gəzir kimi hiss edirəm, sancır və sanki sümüklərim büzüşür, ağrıyır. Eyni zamanda ayağımın altında və üç barmağımda hissiyyat yoxdur. Bazar günü ayağımın sınmasından iki ay keçəcək. Çünki artıq ağlımı itirmək üzrəyəm. Həm də ara-sıra elektrik vurması kimi hiss yaranır. Ən pisi də budur!”
Aylarla davam edən müalicədən sonra Yürük yenidən əməliyyat olunub. Xəstəxana otağından paylaşdığı yeni videoda sənətçi səhhəti barədə pərəstişkarlarına məlumat verib.
Yürük ayağındakı vintlərin çıxarılacağını və artıq yerimək istədiyini bildirib:
“Dostlar, ciddi bir şey yoxdur. Ayağımdakı vintlər çıxarılacaq. Onlara görə yeriyə bilmirəm. Həkimim də artıq onların çıxarıla biləcəyini söylədi. Sadəcə, bir an əvvəl bundan qurtulmaq istəyirəm. Həqiqətən, asan proses deyil.”
Yürük topuğundakı vintlərdən xilas olduğunu, gələn il isə dizindəki 4 vintin də çıxarılacağını bildirib.
Xəstəxanadan səhhəti ilə bağlı paylaşımı geniş rezonans doğuran sənətçinin müalicəsinin davam etdiyi və bir neçə gün istirahət edəcəyi öyrənilib.
Jalə Demokrat.az


