Cəmiyyət

Bu kənddə cəmi bir nəfər yaşayır

Bu kənddə cəmi bir nəfər yaşayır

Portuqaliyada vaxtilə 100-dən çox insanın yaşadığı tarixi kənd bu gün demək olar ki, tamamilə boş qalıb. Kəndin hazırda yalnız bir daimi sakini var.

Demokrat.az xəbər verir ki, Portuqaliyanın Lousa dağlarında yerləşən Talasnal kəndində 1940-cı ildə 135 nəfər yaşayıb. Lakin dağlıq ərazi, əkin sahələrinin məhdud olması və nəqliyyat problemləri səbəbindən kənd sakinləri illər ərzində şəhərlərə köçməyə başlayıblar.

Kəndin əhalisi 1960-cı ildə 90 nəfərə, 1970-ci ildə isə 59 nəfərə düşüb. 1981-ci ildə burada cəmi iki daimi sakin qalıb. Hazırda isə kənddə yalnız Xorxe adlı kişi yaşayır.

Xorxe kəndə oğlunun tövsiyəsi ilə gəlib. Talasnalı ziyarət etdikdən sonra burada qalmaq qərarına gələn kişi həyatını kənddə davam etdirib. O, əsasən kəndi ziyarət edən yürüşçülərə və turistlərə göstərdiyi xidmətlər hesabına dolanır.

Talasnal tamamilə tərk edilmiş kənd deyil. Buradakı köhnə evlərin bir hissəsi təmir olunaraq turistlərin qalması üçün istifadə edilir. Kənddə tarixi daş evlər, dar küçələr, qədim zeytun sıxacağı, bulaq və digər tikililər qorunub saxlanılıb.

Kəndə gələn turistlər bölgəyə xas ənənəvi yeməklərdən də dada bilirlər. Bu xüsusiyyətlər Talasnalı Portuqaliyanın diqqətçəkən tarixi yaşayış məntəqələrindən birinə çevirib.

Demokrat.az

D
demokrat.az