Maraqlı Özəl

Təkcə yaşıl çay deyil: Antioksidantlarla zəngin 5 içki açıqlandı

Təkcə yaşıl çay deyil: Antioksidantlarla zəngin 5 içki açıqlandı

Antioksidantları yalnız yaşıl çaydan almaq mümkün deyil. Mütəxəssislər gündəlik qidalanmada müxtəlif içkilərdən istifadə etməklə də bu faydalı birləşmələrin qəbulunu artırmağın mümkün olduğunu bildirirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "EatingWell" yazıb.

mütəxəssislərin fikrincə, antioksidantlarla zəngin qidaların müxtəlif mənbələrdən qəbul edilməsi daha məqsədəuyğundur. Giləmeyvələr, rəngarəng tərəvəzlər, paxlalılar, sitrus meyvələri, ispanaq, kələm və bəzi taxıl məhsulları da bu baxımdan faydalı hesab olunur.

Mütəxəssislər antioksidant baxımından zəngin olan 5 içkinin adını açıqlayıblar.

1. Qəhvə

Qəhvə antioksidantların az qiymətləndirilən mənbələrindən biridir. Bu içkinin tərkibində əsasən xlorogen turşular və digər polifenollar var.

Mütəxəssislər bildirirlər ki, qəhvənin bir çox insanın gündəlik rasionunda müntəzəm yer alması onu antioksidantların mühüm mənbələrindən birinə çevirə bilər. Xlorogen turşuların orqanizmdə oksidləşdirici stressin azalmasına kömək edə biləcəyi araşdırmalarda öyrənilib.

2. Giləmeyvə şirəsi

Çiyələk, böyürtkən, qaragilə və digər giləmeyvələr tərkibindəki antosianinlərlə seçilir. Bu birləşmələr meyvələrə qırmızı, bənövşəyi və mavi rəng verən antioksidant maddələrdir.

Mütəxəssislər əlavə şəkəri az olan və ya şəkərsiz, mümkün qədər az emal edilmiş giləmeyvə şirələrinə üstünlük verməyi məsləhət görürlər. Açaí, maqui və yabanı qaragilə şirələri bu baxımdan nümunə göstərilir.

3. Hibiskus çayı

Hibiskusdan hazırlanan çay parlaq qırmızı rəngi ilə yanaşı, tərkibindəki polifenollar və digər antioksidant birləşmələrlə də diqqət çəkir.

Aparılan araşdırmalarda hibiskusun ürək-damar sağlamlığı, qan təzyiqi və "pis" xolesterinin oksidləşməsi ilə əlaqəli mümkün təsirləri də araşdırılıb.

4. Nar şirəsi

Nar şirəsi də antioksidantlarla zəngin içkilər sırasında göstərilir. Onun tərkibindəki birləşmələrin sərbəst radikalları neytrallaşdırmağa kömək etdiyi bildirilir.

Sərbəst radikalların orqanizmdə oksidləşdirici stressə və hüceyrə zədələnməsinə səbəb ola bildiyi nəzərə alınaraq, narın tərkibindəki antioksidant maddələr alimlərin diqqətini çəkir.

5. İsti kakao

Kakao da antioksidant mənbəyi hesab olunur. Onun tərkibində ürək-damar sistemi üçün mümkün faydaları araşdırılan flavanollar var.

Mütəxəssislər isti kakao hazırlayarkən şəkərsiz kakao tozuna və ya tünd kakaoya üstünlük verməyi tövsiyə edirlər. Beləliklə, içkinin tərkibindəki əlavə şəkərin miqdarını azaltmaq mümkündür.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, antioksidantları yalnız içkilərdən almaq düzgün yanaşma deyil. Müxtəlif meyvə, tərəvəz, paxlalı, taxıl və digər faydalı qidaların rasiona daxil edilməsi daha balanslı qidalanmaya imkan verir.

Jalə Demokrat.az

D
demokrat.az